Fransanın paytaxtı Parisdə “Grand Palais Ephemere”də (Böyük Saray) “ART EN CAPITAL 2024” beynəlxalq müasir incəsənət sərgisi açılıb.
Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Sərgidə atası, tanınmış Azərbaycan rəssamı Vidadi Nərimanbəyovun sənət yolunu davam etdirən Nigar Nərimanbəyovanın əsərləri nümayiş olunur. Artıq üç ildir bu sərgidə iştirak edən N.Nərimanbəyova bu il digər əsərləri ilə bərabər, nəvəsinə həsr etdiyi “Tariel - balaca Harri Potter” adlı yeni rəsm əsərini də sərgiləyib.
Qeyd edək ki, N.Nərimanbəyova 2016-cı ildə Fransa Milli Mədəniyyət Federasiyası Müstəqil Fransa Rəssamlarının məşhur “Payız Salonu”nun “TOILE D'OR” ali mükafatına layiq görülüb. “ART EN CAPITAL”ın əsas və yeganə mükafatı olan “TOILE D'OR” 1973-cü ildə Fransa Milli Mədəniyyət Federasiyası tərəfindən təsis edilib. Bununla da Nigar Nərimanbəyova “2016-cı ilin Fransada və Avropada ən yaxşı rəssamı” statusunu qazanıb. Rəssamın bu nailiyyəti müasir Azərbaycanın təsviri sənətinə böyük töhfədir.
“ART EN CAPITAL 2024” beynəlxalq müasir incəsənət sərgisində nümayiş olunan əsərlər Fransa Rəssamlıq Akademiyasının üzvlərindən ibarət böyük münsiflər heyəti tərəfindən seçilib. Bu, ən nüfuzlu peşəkar incəsənət sərgisidir. Sərgi fevralın 18-dək davam edəcək.