Tbilisidə bir qrup azərbaycanlı gəncin Gürcüstan parlamentinin arxa girişi qarşısında keçirdiyi “Mən diaspor deyiləm!!!” şüarlı aksiyası başa çatıb.
“Report”un yerli bürosu xəbər verir ki, aksiyanın qətnaməsi qanunverici orqana təqdim olunub.
Sənəddə qeyd olunub ki, parlamentdə milli azlıqlarla bağlı Elmi-Məsləhət Şurasının yaradılması müsbət qarşılanır, lakin onun qanunverici orqanın Diaspor və Qafqaz məsələləri üzrə Komitə nəzdində yaradılması düzgün deyil.
Aksiyaçılar şuranın parlamentin İnsan Hüquqları və Vətəndaş İnteqrasiyası Komitəsinin tərkibində yaradılmasını daha məntiqli hesab edirlər və bunu qanunverici orqana təklif ediblər.
Aksiyaya iki erməni gənc "Sayat Nova diaspordur?" şüarı ilə dəstək olub.
Tbilisidə Gürcüstan parlamentinin arxa giriş qapılarının önündə azərbaycanlı gənclər etiraz aksiyası keçirir.
“Report”un yerli bürosu xəbər verir ki, onlar “Mən diaspor deyiləm!!!” şüarı səsləndirirlər.
İştirakçılar qanunverici orqanda Milli azlıqlarla bağlı Elmi-Məsləhət Şurasının Diaspor və Qafqaz Məsələləri üzrə Komitəsinin nəzdində yaradılmasına etiraz edirlər.
Aksiyaçıların sözlərinə görə, şuranın qeyd edilən komitə daxilində təsis olunması təsdiqləyir ki, Gürcüstan parlamenti və hökuməti ölkədə yaşayan milli azlıqları diaspor kimi qəbul edir.
Aksiyada "Salam" platformasının üzvləri, fəal gənclər iştirak edirlər. Lelo Partiyasının nümayəndəsi, keçmiş prezidentin milli azlıqlar üzrə məsləhətçisi Sofio Şamanidi də etirazçılara qoşulub.