Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.
"Report" xəbər verir ki, sənədi Azərbaycan tərəfindən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Qırğız Respublikası tərəfindən Əmək, Sosial Təminat və Miqrasiya naziri Gülnarə Batırova imzalayıb.
Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri çərçivəsində imzalanmış sənədlər sırasında olan Anlaşma Memorandumunun iki dövlət qurumu arasında münasibətlərin ən yüksək səviyyədə inkişafına, xalqlarımız və dövlətlərimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə, əməkdaşlığın yüksələn xətt üzrə inkişafına böyük töhfə verəcəyinə əminlik ifadə olunub.
Qeyd edək ki, 2023-cü ilin 22 noyabr tarixində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına Üzv Ölkələrin Diaspor Məsələlərinə Məsul Qurum Rəhbərlərinin 5-ci iclasında iştirak edib. İclasa ev sahibliyi edən Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərlərinin ikitərəfli görüşü zamanı mədəniyyət və diaspor quruculuğu sahəsində birgə fəaliyyətin, əməkdaşlığın təşkili məqsədilə 2024-cü ildə anlaşma memorandumunun imzalanması mümkün hesab edilib.