Azərbaycan Ordusuna dəstək olan 10 yaşlı gürcüstanlı soydaşımız - VİDEOREPORTAJ

Azərbaycan Ordusuna dəstək olan 10 yaşlı gürcüstanlı soydaşımız - VİDEOREPORTAJ “Əziz İlham baba.
Diaspor
2 İyun , 2021 16:24
Azərbaycan Ordusuna dəstək olan 10 yaşlı gürcüstanlı soydaşımız - VİDEOREPORTAJ

“Əziz İlham baba.

Mənim adım Həcərdir. 10 yaşım var. Biz hamımız Sizi çox sevirik.

Mən qəhrəman Azərbaycan əsgərləri üçün az da olsa, pul yardımı göndərirəm. Erməniləri də dediyiniz kimi, qovduq.

Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!”

Bu sözlər Gürcüstanın Marneuli rayonunun Yuxarı Saral kəndinin sakini 10 yaşlı soydaşımız Həcər Yusibovanın ötən ilin oktyabr ayının sonunda Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubundandır. Azərbaycanın şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi dövründə dünyanın hər bir yerində yaşayan azərbaycanlılardan Ali Baş Komandana saysız-hesabsız dəstək və təbrik məktubları ünvanlanıb. Balaca Həcərin dövlət başçısımıza yazdığı məktub ən təsirlilərindən biridir. Gürcüstanlı soydaşımız məktubu ilə birgə Azərbaycan Ordusuna dəstək üçün 45 lari pul da (20 manatdan çox) göndərib.

Həcərin məktubu noyabrın 10-da Azərbaycan prezidentinin rəsmi saytında yerləşdirilib.

“Report”un Gürcüstan bürosunun əməkdaşları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Həcər Yusibovanın qonağı olub və onunla bağlı reportaj hazırlayıb.

Həcərin anası Dünya Zeynalova deyib ki, qızının Prezident İlham Əliyevə məktub yazmaq istəyinin ötəri olduğunu zənn ediblər: “Həcər bir həftə təkid etdi ki, məktub Azərbaycana göndərilsin. Məktubun sonunda qızım Azərbaycan və Türkiyə bayraqlarının rəsmlərini də çəkmişdi. Məktubu hansı ünvana yollayacağımızı bilmirdik. Tanışlar ünvanı bizə bildirəndən sonra Həcərlə poçt şöbəsinə getdik və məktubu Bakıya yola saldıq”.

Həcərin sözlərinə görə, zərfə qoyduğu pulun bir hissəsi özünün topladığı pul olub: “Nənə-babamdan da pul istəyib əlavə etdim. İstədim Azərbaycan Ordusuna qələbə çalması üçün mənim də köməyim dəysin”.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də Yusibovların evinə baş çəkib, Həcəri, əkiz bacı-qardaşı Aylin və Amini beynəlxalq bayram münasibətilə təbrik edib və hədiyyələr verib.

Səfir H.Yusibovanın dövlət başçısı İlham Əliyevə yazdığı məktubundan çox təsirləndiyini qeyd edib. O, kiçik soydaşımızın Azərbaycana bəslədiyi böyük sevgisinə, valideynlərinə və nənə-babasına vətənpərvər övlad böyütdüklərinə görə təşəkkürünü bildirib. F.Quliyev Həcəri Qarabağa, Şuşaya aparacağına söz verib. Həcər Qarabağı görməyi arzuladığını deyib.

Yusibovlar Azərbaycan səfirinə Həcərə göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edib. Nənəsi Tərgül Yusibova bildirib ki, Həcərin ziyarət edilməsi onun həmyaşıdları arasında da mənəvi vətənləri olan Azərbaycana bağlılıqlarının daha da güclənməsinə böyük töhfə verəcək.

Son xəbərlər

Orphus sistemi