Azərbaycan diasporu Qazaxıstanda keçirilən festivallarda təmsil olunub

Azərbaycan diasporu Qazaxıstanda keçirilən festivallarda təmsil olunub Qazaxıstanın Almatı, Aktau, Kostanay və Türküstan vilayətlərində keçirilən Novruz festivallarında Azərbaycan diasporu fəal iştirak edib.
Diaspor
24 Mart , 2023 12:03
Azərbaycan diasporu Qazaxıstanda keçirilən festivallarda təmsil olunub

Qazaxıstanın Almatı, Aktau, Kostanay və Türküstan vilayətlərində keçirilən Novruz festivallarında Azərbaycan diasporu fəal iştirak edib.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Aktau şəhərində baş tutan ənənəvi Novruz festivalında Azərbaycan icmasını “Dostluq” Azərbaycan Etnomədəni Birliyi təmsil edib.

Birliyin təşkilatçılığı ilə yaradılan Azərbaycan pavilyonunda ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini və milli mətbəxini əks etdirən eksponatlar, rəmzlər, nümunələr təqdim olunub. Birlik sədri Şəmsəddin Hüseynov və Azərbaycanın Aktaudakı Baş konsullu vəzifəsini icra edən Elçin Məmmədov vilayətin rəsmi şəxslərini və qonaqları qarşılayıblar.

Azərbaycanda Novruzun geniş şəkildə qeyd edildiyi, parlaq Zəfərimizdən sonra Novruz tonqallarının azad olunmuş Qarabağ torpaqlarında da alovlandırıldığı nəzərə çatdırılıb, qonaqlara Novruz hədiyyələri təqdim olunub.

Milli geyimli gənclərimiz pavilyonun önündə Azərbaycan rəqslərini nümayiş etdiriblər.

Almatının Alatau rayonunda Novruz bayramı münasibətilə keçirilən 3 günlük festivalda Azərbaycanlı Qadınlar Komitəsinin üzvləri fəal iştirak ediblər.

Azərbaycan guşəsində qədim tariximizi, zəngin mədəniyyətimizi, adət-ənənələrimizi, milli mətbəximizi əks etdirən eksponatlar, suvenirlər, milli mətbəx nümunələri və Novruz xonçası nümayiş etdirilib. Milli geyimli azərbaycanlı uşaqlar doğma dilimizdə Novruza həsr olunmuş şeirlər söyləyib, rəqslərimizi təqdim edib, yumurta döyüşdürüblər.

Almatı sakinləri və turistlər Azərbaycan guşəsinə böyük maraq göstəriblər.

Kostanay vilayətində keçirilən Novruz festivalında icmamızı “Birlik” ictimai birliyi təmsil edib. Rəsmi şəxsləri və müxtəlif millətlərin nümayəndələrini Azərbaycan pavilyonunda qarşılayan birlik sədri Rafail Hacıbalayev diasporumuz adından festival iştirakçılarını təbrik edib və xoş arzularını bildirib. Rəsmi şəxslər və digər qonaqlar zəngin Azərbaycan süfrəsinin qonağı olublar.

Türküstan vilayətinin Sarıaqaş rayonunun Jibek Jolı kəndində təşkil olunan festivalda icmamızı “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin Sarıaqaş filialının üzvləri təmsil ediblər. Festival zamanı qızlardan ibarət rəqs qrupunun ifasında Azərbaycan rəqsləri təqdim olunub.

“Türkistan” televiziyasının “Turan Today” proqramına canlı qoşulan “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin rəhbəri Ramilə Mustafayeva ölkəmizdəki Novruz ənənələri barədə ətraflı məlumat verib.

Son xəbərlər

Orphus sistemi