Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycan diasporu ermənilərin iç üzünü faktlarla göstərən özbək tarixçinin müdafiəsinə qalxıb.
"Report"un məlumatına görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) məlumat yayıb.
Məlumatda bildirilib ki, özbək tarixçi-publisist Şuxrat Salamovun (Barlas) hüquqlarının müdafiəsi bağlı komissiya yaradılıb. Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Mərkəzinin rəhbəri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Mobil Məmmədovun təşəbbüsü ilə yaradılan Komissiya çərçivəsində vəkillər qrupu fəaliyyət göstərir. Vəkillər qrupuna Özbəkistan-Azərbaycan Qadınlar Cəmiyyətinin rəhbəri tanınmış hüquqşünas Fatimə Piriyeva rəhbərlik edir.
Şuxrat Salamov müəllifi olduğu "Qarabağ: ideyalar müharibəsi" və "Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər" kitablarına görə təqib olunur. Belə ki, "Qarabağ: ideyalar müharibəsi" kitabda yazıçı erməni daşnaklarının öz himayəçilərinin köməyi ilə insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktları göstərir. İkinci kitabda isə ermənilər tərəfindən özbəklərlə bağlı törədilən qətliamdan bəhs olunur.
Hər iki kitab işıq üzü gördükdən sonra Ermənistanda və ermənilərin təzyiqi ilə Özbəkistanda Şuxrat Salamova qarşı kampaniya başlayıb. Tarixçi-publisist falsifikasiya, milliyyətçilikdə, pantürkizm, fırıldaqçılıqda ittiham edilən tarixçi-publisist haqqında əsassız böhtanlar yayılır, ekstremist qruplarla əlaqədə günahlandırılır, şərəf və ləyaqəti təhqir olunur. Erməni icmasının nümayəndələri hətta onun evinə hücum edərək şüşələrini sındırıblar. Hətta Rəsmi Yerevanın və erməni icmasının təsiri ilə Şuxrat Salamov barəsində millətlərarası nifrətin qızışdırılması maddəsi üzrə cinayət işi qaldırılması məsələsi gündəmdədir.