Azər-Türk Gənclər Təşkilatının sədri: "Əsas məqsədlərimizdən biri Azərbaycan məhsullarını Finlandiyada tanıtmaqdır"

Azər-Türk Gənclər Təşkilatının sədri: "Əsas məqsədlərimizdən biri Azərbaycan məhsullarını Finlandiyada tanıtmaqdır" Bakı. 9 avqust. REPORT.AZ/ Finlandiyada fəaliyyət göstərən Azər-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarovanın Reporta müsahibəsi
Diaspor
9 Avqust , 2018 16:15
Azər-Türk Gənclər Təşkilatının sədri: Əsas məqsədlərimizdən biri Azərbaycan məhsullarını Finlandiyada tanıtmaqdır

Bakı. 9 avqust. REPORT.AZ/ Finlandiyada fəaliyyət göstərən Azər-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarovanın "Report"a müsahibəsi

- Finlandiyada yaşayan azərbaycanlılar təşkilatlana biliblərmi?

- Finlandiyada, təqribən, 3000 dən çox azərbaycanlı yaşayır. Bura Cənubi Azərbaycandan gəlmiş soydaşlarımız da daxildir. Lakin Azərbaycan Respublikasından Finlandiyaya köçmüş azərbaycanlıların sayı 1000 nəfərə yaxındır. Azərbaycanlıların Finlandiyada təşkilatlanması prosesi tam başa çatıb. Belə ki, soydaşlarımız ümummilli liderimizin bu sahədə aparmış olduğu, hazırda isə ölkə başçımız cənab İlham Əliyev tərəfindən davam etdirilən siyasəti tam dəstəkləyərək burada bir çətir altında birləşib biri birlərinə dəstək olur, hər bir məqamda həmrəylik nümayiş etdirirlər. Bu məqamda vurğulanmalıdır ki, 1991-ci il dekabrın 16-da ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. 1993-cü ildən başlayaraq dünyanın ayrı-ayrı ölkələrində Azərbaycan diasporunun formalaşdırılmasına nail olunub. Ulu öndərimizin xaricdə yaşayan soydaşlarımızla görüşləri zamanı verdiyi dəyərli məsləhətlər Azərbaycan diasporunun fəaliyyətinin canlanmasına və vahid məqsəd naminə birləşməsinə stimul olub. Bu səylərin nəticəsi olaraq 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultayda dahi şəxsiyyət Heydər Əliyev böyük tarixi əhəmiyyət kəsb edən geniş nitq söyləyib. Ulu öndər xaricdə yaşayan azərbaycanlılara tövsiyə edərək deyirdi ki, dünyada yaşayan bütün azərbaycanlılar azərbaycançılıq ideologiyası, müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağı ətrafında sıx birləşməli, bu ideologiyaya öz əməli fəaliyyətləri ilə töhfə verməlidirlər. Həmin qurultaydan sonra dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı öz ətrafında birləşdirən icmaların mütəşəkkilliyi və fəallığı daha da artıb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən müddətdə keçirilən dünya azərbaycanlılarının sonrakı qurultaylarında xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması istiqamətində geniş fikir mübadiləsi aparılıb, əhəmiyyətli nəticələr əldə olunub, qarşıda duran vəzifələr müzakirə edilib. Həmin qurultaylar zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni təxribatlarının qarşısının alınması istiqamətində mühüm rol oynayıb, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birlik və həmrəylik bayramına çevrilib. Hazırda dünyanın müxtəlif ölkələrində Azərbaycan diasporunun 400-dən artıq təşkilatı fəaliyyət göstərir və onların hər biri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə öz töhfəsini verir. Bu da əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ideologiyanın təntənəsidir.

- Ölkə həyatının hansı sahələrində azərbaycanlılar daha çox fəaldırlar?

- Qeyd etmək istəyirəm ki, Finlandiyada yaşayan azərbaycanlıların bir çoxu öz səviyyəsində tanınmış musiqiçilər, həkimlər, alimlər və iş adamlarıdır. Azər-Türk Gənclər Təşkilatına rəhbərlik etməzdən əvvəl mən də Finlandiyada uğurlu hesab edilən layihələrə rəhbərlik edib bir xeyli uğur qazanmışam. Özüm Azərbaycan Dövlət Konservatoriyasının məzunu olsam da, Finlandiyanın ən qədim və böyük şəhərlərindən biri olan Turku şəhərində böyük tibb klinikasının açılmasına nail olmuşam. Eyni zamanda istər azərbaycanlı, istərsə də türk gənclərinə Azərbaycan musiqisinin, ənənələrinin aşılanması işini təşkil etmişəm. Bununla bağlı tərəfimdən gənclərə xüsusi məşğələlər keçirilmiş və onların beynəlxalq tədbirlərdə iştirakı təmin edilmişdir.

- Təşkilatınız Finlandiyada daha çox hansı layihələrin həyata keçirilməsində maraqlıdır?

- Azər-Türk Gənclər Təşkilatı olaraq biz Finlandiyada azərbaycan mədəniyyət evinin açılması, Azərbaycana Finlandiyadan, həmçinin yaxın ölkələrdən turist axınının təşkil edilməsi işində maraqlıyıq və yaxın günlərdə bununla bağlı Azərbaycanın müvafiq rəsmi qurumlarına məktub ünvanlayacağıq.

- Gələcək üçün hansı planlarınız var?

- Qarşıda duran planlarımızdan biri Azərbaycan məhsullarının Finlandiyada tanıdılmasıdır. Buna görə də yaxın gələcəkdə ölkəmizin bu sahə ilə məşğul olan tanınmış şirkətlərinə müraciət edəcəyik.

Son xəbərlər

Orphus sistemi