Avropadakı anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı növbəti təxribatçı çağırışı bu qitədə fəaliyyət göstərən diaspor təşkilatlarının hiddətinə səbəb olub.
Müraciətdə deyilir: “Azərbaycan Respublikasında mövcud olan sosial-iqtisadi və siyasi sabitlik ölkəmizi sevməyənləri narahat etməkdədir. Müxtəlif dövrlərdə bu narahatlıqlar fərqli formalarda özünü büruzə verir. Azərbaycanı sevməyən, öz düşünülməmiş fəaliyyətləri ilə düşmən dəyirmanına su tökən bir qrup insan ermənipərəst qüvvələrdən aldıqları sifarişin əsasında ölkədə sabitliyi pozmağa yönəlmiş çağırışlar edirlər. Növbəti belə bir sərsəm bəyanat Azərbaycan Naminə Demokratiya adlandırılan təşkilat tərəfindən verilib. Özlərini AND Hərəkatı adlandıran bir qrup şəxs Avropa şəhərlərindəki Azərbaycan səfirliklərinin qarşısında aksiyalara başlayacaqları ilə bağlı bəyanat yayıb. Yaşadığı ölkədən, sosial-iqtisadi və siyasi statusundan asılı olmayaraq, Azərbaycan hamımızın Vətənidir. Vətənin inkişafı, sabitliyi və beynəlxalq aləmdə layiqli şəkildə tanıdılması milli düşüncəsi olan hər bir şəxs üçün olduqca əhəmiyyətlidir”.
Dövlət Komitəsi soydaşlarımızı, hər zaman olduğu kimi, yaşadıqları ölkələrdə xalqımızı, dövlətimizi layiqincə təmsil etməyə və təxribatlara uymamağa çağırıb.