Avropadakı Azərbaycan diasporu Türkiyəyə yardım kampaniyasına başlayıb

Avropadakı Azərbaycan diasporu Türkiyəyə yardım kampaniyasına başlayıb Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Türkiyədə baş verən dəhşətli zəlzələ ilə əlaqədar yardım kampaniyasına başlayıb.
Diaspor
11 Fevral , 2023 13:46
Avropadakı Azərbaycan diasporu Türkiyəyə yardım kampaniyasına başlayıb

Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Türkiyədə baş verən dəhşətli zəlzələ ilə əlaqədar yardım kampaniyasına başlayıb.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, müvafiq yardım fondlarına iş adamı Nəriman Rust Alman-Azərbaycan Dostluq Cəmiyyəti adından 10 000 avro, Niderlandın Rotterdam şəhərində fəaliyyət göstərən “Qarabağ” İdman Klubu 3000 avro, Benilüks Azərbaycanlıları Konqresi 1000 avro, Polşanın paytaxtı Varşavada yaşayan həmvətənlərimiz 500 avro vəsait köçürüb.

Bundan başqa, yüzlərlə həmvətənimiz fərdi qaydada zəlzələdən zərərçəkənlərə yardım fondlarına pul vəsaitləri köçürüb, eləcə də isti geyim, elektrik qızdırıcıları, yataq dəstləri, uşaq yeməkləri və sair əşyalarla dolu yük maşınları göndərilib.

Estoniyada fəaliyyət göstərən Azərbaycan Evi Türkiyənin cənub-şərqində baş vermiş dəhşətli zəlzələ ilə bağlı Türk-Eston Dostluq Mərkəzi və Türkiyənin bu ölkədəki səfirliyi tərəfindən başlanan “Türkiyə, səninləyik!” yardım kampaniyasına qoşulub. İlk humanitar yardım Türkiyə Hava Yolları (THY) vasitəsilə qardaş ölkəyə göndərilib. Gələn həftə isə ikinci humanitar yardım Türkiyəyə yola salınacaq.
Macarıstanın paytaxtı Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evində yaradılmış opetariv qərargahda toplanan yardımlar sonra Türkiyənin Macarıstandakı səfirliyinə çatdırılır.

Finlandiyada fəaliyyət göstərən Azər-Türk Gənclər Təşkilatı, İsveç-Azərbaycan Mədəniyyət Dərnəyi (SAF), Litvanın paytaxtı Vilnüsdə yaşayan soydaşlarımız, eləcə də Azərbaycan Diaspor Gəncləri Şəbəkəsinin üzvləri Suliddin Bağırov (Polşa) və Şəfiqə Qasımzadə (Finlandiya) topladıqları paltar, ayaqqabı, qida məhsulları, dərman və gigiyenik vasitələri zəlzələ bölgəsinə göndərilmək üçün bu Türkiyənin ölkələrdəki səfirliklərinə təhvil veriblər.

Bəzi soydaşlarımız isə yaşadıqları şəhərlərdə şəxsi avtomobilləri ilə Türkiyəyə yardım etmək istəyən insanların evlərinə gedərək müvafiq yardımları alıb və qardaş ölkənin konsulluqlarına çatdırıb.

Qeyd edək ki, bu rəqəmlər 6-10 fevral tarixlərini əhatə edir.

Son xəbərlər

Orphus sistemi