Almaniyada fəaliyyət göstərən bir qrup türk icması Frankfurt şəhərində keçirilən Novruz şənliyi ilə bağlı müvafiq dövlət strukturlarına etiraz məktubu ünvanlayıb.
“Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, türk icmalarının etirazına səbəb ötən gün Frankfurt şəhərində keçirilən Novruz şənliyi olub.
Belə ki, əsasən PKK terror təşkilatı dəstəkçilərinin qatıldığı Novruz bayramı tədbirində hazırda təşkilatın həbsdə olan lideri Abdullah Öcalanın şəkilləri olan plakatlar açılıb, Türkiyə və Azərbaycan əleyhinə müxtəlif şüarlar səsləndirilib.
Müraciətdə vurğulanıb ki, Frankfurtdakı tədbir xalqların qədim bayramı olan Novruzu siyasi bir aksiyaya çevirmək cəhdidir.
“Təəsüflər olsun ki, Almaniyada yaşayan PKK tərəfdarları hər il bu işlə məşğul olurlar. Onlar bir çox xalqın, eləcə də kürdlərin qeyd etdiyi Novruz bayramını öz siyasi məqsədləri üçün istifadə edirlər. Bu gün Almaniyada Novruz bayramı dedikdə, cəmiyyət bunu PKK terror təşkilatının həbsdə olan rəhbəri, əli uşaq qanıan batan Abdullah Öcalan üçün təşkil olunan bir tədbir kimi başa düşürlər. Belə tədbirlərin hər il keçirilməsi Almaniya kimi demokratik dəyərlərlə sahib, terrorizmlə mübarizə aparan bir ölkənin adına heç yaraşmır” - deyə, müraciətdə deyilir. Almaniyada yaşayan azərbaycanlıların da qoşulduğu müraciət, Almaniya Federal Daxili İşlər Nazirliyi, Almaniya Parlamenti və Almaniya Federa Təhlükəsizlik İdarəsinə ünvanlanıb.
Məlumat üçün qeyd edək ki, Almaniya da daxil olmaqla bir çox Avropa ölkəsində PKK terror təşkilatının fəaliyyəti və təbliğatı qadağandır.