Bakı. 3 noyabr. REPORT.AZ/ Norveç Krallığının paytaxtı Oslo şəhərində dünyanın 15 ən yaxşı beynəlxalq musiqi festivalından biri sayılan “Oslo Dünya Musiqi Festivalı” keçirilib. Dünyanın müxtəlif ölkələrindən gəlmiş 300-dən çox musiqiçinin iştirakı ilə altı gün davam edən festivalda Azərbaycan musiqisi də təmsil olunub.
Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən məlumat verilib. Azərbaycan musiqiçiləri bu il ilk dəfə “Oslo Dünya Musiqi Festivalı”na dəvət alıb. Festival çərçivəsində UNESKO tərəfindən dünyanın qeyri-maddi irsi sayılan muğamın ən yaxşı ifaçılarından biri, Azərbaycanın xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın konserti keçirilib.
Konsert Oslonun ən görkəmli məkanlarından biri olan Yakob kilsəsində baş tutub. Konsertin təşkili Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO), Oslo Azərbaycan Evi və “Oslo Dünya Musiqi Festivalı” təşkilat komitəsinin yaxından əməkdaşlığı sayəsində baş tutub.
Oslo Azərbaycan Evinin rəhbəri Ramil Əliyevin verdiyi məlumata görə, anşlaqla keçən konsertdə Norveç Krallığının Azərbaycan Respublikasındakı Fövqaladə və Səlahiyyətli səfiri Baard Ivar Svendsen, yerli musiqiçilər, incəsənət və mədəniyyət xadimləri, Oslodakı Azərbaycan diasporunun nümayəndələri və burada təhsil alan azərbaycanlı tələbələr iştirak edib.
R.Əliyev Azərbaycanın gələcəkdə də “Oslo Dünya Musiqi Festivalı”nda iştirakını təmin etmək, Azərbaycan musiqisinin beynəlxalq festivallarda təqdim etmək üçün rəhbərlik etdiyi təşkilat tərəfindən dəstək göstəriləcəyini bildirib.
Alim Qasımov Norveçdə konsert verib
Diaspor
3 Noyabr , 2015
12:23
https://static.report.az/photo/8e66dd8d-04b4-48ab-9b54-1455fb48fdda.jpg
İngilis versiyası
FotoAzerbaijan attends Oslo World Music Festival