ABŞ-ın Şimali Karolina ştatında 31 dekabr “Azərbaycanlıların Həmrəyliyi Günü” elan edilib.
Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, ştatın bir sıra rəsmi şəxsləri bununla bağlı bəyannamə qəbul ediblər.
Ştatın qubernatoru Roy Kuper, Şarlotta şəhər meri Vi Aleksandr Layls, Keri şəhər meri Harold Vaynbrext və Durham şəhər meri Stefen M. Şevelin imzaladıqları bəyannamələrdə bildirilib ki, hər il dünyada yaşayan 50 milyon azərbaycanlı 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edir. Azərbaycan xalqının 28 may 1918-ci il tarixində müsəlman dünyasında ilk dünyəvi demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini qurduğu, bir sıra mütərəqqi islahatları həyata keçirdiyi, o cümlədən qadınlara ilk dəfə səsvermə hüququnu verdiyi, 1991-ci ildən Azərbaycanın öz azadlığını və müstəqilliyini bərqərar etdiyi yada salınıb. Nəzərə çatdırılıb ki, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, müasirləşən, regionun ən böyük iqtisadiyyatına malik olan ölkələrindən birinə və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşına çevrilib. Azərbaycanda müsəlmanlar, xristianlar və yəhudilər arasında birgə dinc yaşama və dinlərarası harmoniya ənənəsinin mövcudlığına diqqət cəlb edilib.
Şimali Karolina ştatında 31 dekabr 2021-ci il tarixini “Azərbaycanlıların Həmrəyliyi Günü” elan edən qubernator və şəhər merləri yerli sakinləri azərbaycanlıların bayramına qoşulmağa çağırıblar.
Qeyd edək ki, bəyannamələr Şimali Karolina ştatında fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbalın təşəbbüsü ilə qəbul edilib.