ABŞ-də 20 Yanvar qurbanlarına həsr olunan sənədli film nümayiş edilib

ABŞ-də 20 Yanvar qurbanlarına həsr olunan sənədli film nümayiş edilib ABŞ-nin Nyu-York şəhərində yeni fəaliyyətə başlamış Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təşkilatçılığı ilə 20 yanvar faciəsinin qurbanlarına həsr olunmuş, azərbaycanlı rejissor Əziz Sadıqovun ərsəyə gətirdiyi “Qanlı Qərənfillər” sənədli
Diaspor
20 Yanvar , 2024 17:50
ABŞ-də 20 Yanvar qurbanlarına həsr olunan sənədli film nümayiş edilib

ABŞ-nin Nyu-York şəhərində yeni fəaliyyətə başlamış Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təşkilatçılığı ilə 20 yanvar faciəsinin qurbanlarına həsr olunan və azərbaycanlı rejissor Azim Sadıqovun ərsəyə gətirdiyi “Qanlı Qərənfillər” sənədli filmi nümayiş olunub.

“Report”un ABŞ bürosu xəbər verir ki, gecədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin diplomatları, ABŞ-də fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, diaspor fəalları, yerli ictimaiyyətin nümayəndələri, Nyu-York, o cümlədən ətraf şəhər və ştatlarda yaşayan həmvətənlərimiz iştirak ediblər.

ABŞ-də təhsil alan azərbaycanlı tələbə Leyla Aslanovanın moderatorluğu ilə baş tutan gecədə Azərbaycanın və ABŞ-nin dövlət himnləri səsləndirilib və 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təsisçisi, ABŞ-də yaşayan azərbaycanlı idmançı, dünya və Avropa çempionu Elgün Xanoğlanlı bildirib ki, 20 Yanvar hadisələri, həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.

O deyib ki, hansı ölkədə yaşamaqlarından asılı olmayaraq, azərbaycanlı gənclər 20 yanvar faciəsini heç vaxt unutdurmayacaqlar.

Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin birinci katibi Cavid İsmayılov isə söyləyib ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür:

“Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. O gündən keçən müddət ərzində ölkəmiz tamamilə yeni mərhələyə qədəm qoydu. Xalqımız öz cəsarətini, mərdliyini, qəhrəmanlığını, torpaqlarımızın hər qarışı uğrunda canını qurban verməyə hazır olduğunu yenidən nümayiş etdirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində 44 gün ərzində ölkəmiz tarixi ədaləti bərpa etdi”.

Bundan başqa, tədbirdə Azərbaycan-Amerika Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabova, Azərbaycan-Amerika Gənclər Federasiyasının sədri, Kolumbiya Universitetinin tələbəsi Günay Məmmədova, Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının vitse-prezidenti Esmira Əsgərova, Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının üzvi Mehriban Nəsibova çıxış ediblər.

Gecədə 20 Yanvar faciəsi ilə bağlı tarixi faktlardan bəhs olunub, qanlı yanvarın Azərbaycan tarixində və bütövlükdə XX əsrdə baş vermiş faciələr içərisində xüsusi amansızlıqla ilə seçildiyi qeyd edilib. Bildirilib ki, üzərindən 34 il keçməsinə baxmayaraq, 20 Yanvar hadisələrinə beynəlxalq hüquqi qiymət verilməyib və bu cinayəti törədənlər cəzalandırılmayıb.

Daha sonra rejissor Ə.Sadıqovun “Qanlı Qərənfillər” filmi nümayiş olunub.

Filmin prodüseri Sima Sadıqova atasının kamera ilə lentə aldığı orijinal görüntülərin tarixi faktlar olduğunu və yaşanan cinayətlərin dünyaya tanıdılması üçün filmin ABŞ ictimaiyyətinə təqdimatının vacibliyini vurğulayıb.

Gecənin sonunda Dressden simfonik orkestrının solisti və Norveç Musiqiçilər Birliyinin üzvü, kamança ifaçısı Şəbnəm Hüseyn “20 Yanvar Şəhidlərinin xatirəsinə ithaf” adlı konsert proqramı ilə çıxış edib. Sənətçi bəstəkarlar Hacı Xanməmmədovun “Kamança və simfonik orkestri üçün konserti” və Fikrət Əmirovun “Mən səni araram” əsərlərini ifa edib.

Son xəbərlər

Orphus sistemi