Tünzalə Eynulla iyirmi ildən çoxdur ABŞ-da yaşayır. Artıq yeni ölkəyə, hər mənada onu qane edən işinə alışdığını düşünmək olardı. Ancaq haqlı olaraq Vətən Müharibəsi adlanan ikinci Qarabağ müharibəsi hadisələri, demək olar, onun həyatını tam dəyişdi. ABŞ Massaçusets ştatından olan sahibkar “Report”a müsahibəsində yaşadıqlarından danışıb.
- Tünzalə xanım, özünüzü amerikalı kimi hiss edirsiniz, yoxsa hələ də ABŞ-da qalan Azərbaycandan gəlmiş qonaq kimi?
- Nə bu, nə də o. Bu ölkədə uzun illər yaşayıb, uşaqlarını böyüdüb, adi işçidən şirkət sahibinə qədər çətin yol qət edən biri özünü qonaq hesab edə bilməz. Ancaq eyni zamanda köklərini, haradan olduğunu, hansı qədim mədəniyyəti təmsil etdiyini də unutmaq mümkün deyil. Buna görə də hissim, burada çox istifadə olunan ifadədə deyildiyi kimi, “fifti fifti”dir. Yəni yarı-yarıya. “Green card” ilə buraya gəldikdən sonra həyata sıfırdan başladım. Yeni həyat tərzinə uyğunlaşmaq lazım idi.
- Dəyişərək, assimilyasiyaya uğrayaraq?
- Elə bu da. Sadəcə, assimilyasiyanı öz kimliyindən imtina, tamamilə yad mədəniyyətə keçid kimi deyil, düşdüyün yeni cəmiyyətin birgəyaşayışla bağlı yeni qaydalarının qəbulu kimi başa düşürəm. Bizə, yaşlı nəslə, uçaqlarımıza köklərimizi qorumaq asandır, amma sonrası... Nəvəm Arzunun Azərbaycan dilini bilməsini çox istəyirəm, qalan bütün şeylər barədə əvvəlcə biz ona hər şeyi danışacağıq, sonra da özü müasir texnologiyalardan istifadə edərək daha da irəliyə gedəcək. Bu, yalnız mənim nəvəmə aid deyil. Burada belə uşaqlar çoxdur və çox istərdim ki, Diasporla İş üzrə Dövlət Komitəsi bizə kömək etsin – Azərbaycan dilində uşaq kitabları, şəhərlərimiz və kəndlərimiz haqqında bəzi bukletlər göndərsin. 3-4 yaşında internetdə oturmaq, məncə, məntiqli deyil. Düzünü deyim ki, hər valideyn internetlə kitab və dərsliklər sifariş verə bilmir. Buna görə də bu cür kömək çox faydalı olardı.
Hesab edirəm ki, yeni yetişən nəslin valideynlərinin vətənini, etnik köklərini tanıması və xatırlaması çox vacibdir. Gənc diasporumuz digərləri ilə müqayisədə gənc qüvvələrin axınına daha çox ehtiyac duyur. Pafoslu sözlərə görə üzrlü sayın, amma Vətənimi çox sevirəm və xəyal edirəm ki, bütün sahələrdə - iqtisadi, siyasi, mədəni sahələrdə gündən-günə daha çox çiçəklənsin. İndi, ordumuz bütün xalqla birlikdə ermənilərin işğal etdiyi torpaqları azad etdiyi məqamda yeni yaradıcılıq mərhələsi başlayır və Vətən hər zaman soydaşların köməyinə arxalana bilər. İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gün ərzində hər gün cəbhə xəbərləri ilə yaşadıq.
- Pandemiya şəraitində nəsə etmək çətin idimi?
- Şuşanın azad edilməsi bizim üçün, burdakı azərbaycanlılar üçün adi bayram olmadı. Qeyri-adi hisslər yaşadıq, onları nə iləsə müqayisə etmək belə mümkün deyil. Düşünürəm ki, yaşadığı yerdən asılı olmayaraq, hər bir azərbaycanlı məni başa düşəcək. Bayram yürüşü keçirdik. Düzdür, əvvəlcədən polisə müraciət etdik, çünki gözüdönmüş ermənilərin bizim dinc nümayişçilərə hücum etdiyi Los Ancelesdəki hadisələrin təkrarlanmasını istəmirdik. Xoşbəxtlikdən bizdə hər şey dinc şəkildə alındı. Artıq müharibənin başlanğıcından bəri qısa zamanda təşkilatlana bildik.
- Biz, yəni kim?
- Biz dedikdə diaspor təşkilatımızı - Yeni İngiltərə Azərbaycan Cəmiyyətini nəzərdə tuturam. Şəhid ailələrinə, yaralılara, mənim doğma Gəncəmdə və digər dinc şəhərlərdə ermənilərin raket zərbələri nəticəsində ölənlərin yaxınlarına necə kömək edə biləcəyimizi düşündük. Xeyriyyə bazarları təşkil etməyə, qazanılan pulu Azərbaycanda zərər çəkmiş ailələrə kömək məqsədilə göndərməyə qərar verdik. Milli yeməklərimizi və digər ölkələrin mətbəxinə aid yeməkləri bişirib küçələrdə satırdıq. Çünki burada küçə yeməklərini məmnuniyyətlə alırlar. Bu cür aksiyalar bir neçə dəfə, özü də yalnız Massaçusetsdə yox, həm də Yeni İngiltərənin digər ştatlarında - Konnektikut, Men, Rod Aylenddə keçirildi. İndi bu regionun daha iki ştatı – Nyu-Hempşir və Vermont ilə əlaqələr qurmağa çalışırıq. Qazandığımız pulu isə vətənə göndərdik. Qeyd etmək istəyirəm ki, bütün tədbirlərimizdə Türk icmasının üzvləri olan türkiyəli qardaşlarımız da fəal iştirak edirdilər.
- Diaspor fəaliyyəti, bir qayda olaraq, birgə bayramlar, bazar günləri məktəbləri, həmvətənlərin görüşləridir. İndi, belə desək, dinc vaxtda nə işlə məşğulsunuz?
- Təşkilatımızda - Yeni İngiltərə Azərbaycan Cəmiyyətində müxtəlif ixtisaslar və maraqlara sahib insanlar olduğundan işimizi hər kəsi birləşdirə biləcək bir şeyə - Azərbaycan mədəniyyətinin təbliğinə istiqamətləndirməyə qərar verdik. Mədəniyyət, fikrimcə, digər insanların qəlbinə gedən ən qısa yoldur. Buna görə də hər bazar günü tədbirlər – konsertlər, görüşlər, festivallar keçiririk, bu müddət ərzində dinləyiciləri Azərbaycan musiqisi, tarixi, dünya incəsənətinə töhfə verən mədəniyyətimizin görkəmli nümayəndələri ilə tanış edirik. Bu yaxınlarda keçirilən Yeni il konsertində cazmen Emin Əfrasiyab və vokalçı xanımı Leyla Babayeva çıxış etdilər. Onlar da bir çox digər ifaçılar kimi çox uğurlu idilər. Amerika, məlum olduğu kimi, fərqli mədəniyyətlərin toplaşdığı qazandır, buna görə də burada digər ölkələrin sənətinə böyük maraqla yanaşırlar.
- Yerinizi özünüz üçün yeni bir ölkədə tapmış təcrübəli sahibkarsınız. Ölkəmizin nümayəndələri ilə hansısa ortaq layihələr təşkil etmək istərdinizmi? Bununla bağlı hər hansı fikriniz varmı?
- İndiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Texnologiyaları fakültəsini bitirmişəm. ABŞ-a köçdükdən sonra təxminən on il əvvəl öz işimi qurana qədər uzun müddət müxtəlif şirkətlərdə çalışmışam. Ancaq fərqli bir şey etmək istəyirdim. Dünyada təbii məhsullardan istifadə etməyə üstünlük verən insanlar daha da çoxalır. Bu, təkcə qida ilə bağlı deyil, eyni zamanda bədən və dəriyə qulluq məhsullarına, bir sözlə kosmetik məhsullara da aiddir. Belə məhsullar müxtəlif salonlarda geniş istifadə olunur; pərakəndə satış yerlərindəki alıcılar onu məmnuniyyətlə alırlar. Şirkətim “Dilaura Naturals” yalnız orqanik və təbii yağlardan hazırlanmış kosmetika istehsal edir. Nar yağı, qızılgül yağı, küncüt yağı, şi ağacının yağı, düyü yağı və bir çox başqa təbii məhsullardan istifadə edirik. Şirkətimizin məhsullarının Azərbaycanda satışının təşkili ilə bağlı Bakı ilə əlaqələr qurmağa çalışdım. Söhbət yalnız məhsullarımın bazarını genişləndirməkdən getmir. Həmvətənlərimin də sağlamlığa zərərli olmayan yüksək keyfiyyətli təbii məhsullardan istifadə etmələrini istəyirdim. Ancaq təəssüf ki, təkliflərimə heç bir reaksiya olmadı. Düşünürəm ki, yeni yollar axtarmaq lazımdır. Mən buna alışan deyiləm.
Eleonora Abasquliyeva