ABŞ-ın İllinoys ştatının Skokie şəhərində Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid və Mehriban Məmmədovların təşkil etdiyi görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin birinci ildönümü münasibətilə soydaşlarımızı təbrik edib, diaspor nümayəndələrini Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində bundan sonra da fəal olmağa çağırıb. Sədr müavini diaspor fəalı Türyan Məmmədova "Diaspor fəaliyyətində fərqlənməyə görə" medalını təqdim edib.
Türkiyənin Çikaqodakı baş konsulu Engin Türesin, Pakistanın Çikaqodakı baş konsulu Tariq Kərim və Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşı Ayxan Hacızadə də xalqımızı və diaspor nümayəndələrini Zəfərin birinci ildönümü münasibətilə təbrik ediblər.
Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə həsr edilmiş videoçarx, eləcə də 44 günlük müharibəni və Ermənistanın 30 illik işğal dövründə Qarabağda törətdiyi vandalizmi əks etdirən fotosərgi nümayiş olunub.
Tədbir bədii proqramla davam edib.