Los Anceles yəhudi icması Azərbaycan yəhudilərinə Tövrat hədiyyə edib

Los Anceles yəhudi icması Azərbaycan yəhudilərinə Tövrat hədiyyə edib Hədiyyənin verilməsi ilə bağlı Sinay Sinaqoqunda geniş mərasim keçirilib
Diaspor
6 Fevral , 2015 14:05
Los Anceles yəhudi icması Azərbaycan yəhudilərinə Tövrat hədiyyə edib

Bakı. 6 fevral. REPORT.AZ/ ABŞ yəhudilərinin ən nüfuzlu dini mərkəzlərindən olan, Los Ancelesdə fəaliyyət göstərən Sinay Sinaqoqu tərəfindən Azərbaycan Dağ Yəhudiləri İcmasına Tövrat hədiyyə edilib. Bu barədə "Report"a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Xüsusi perqament üzərində tərtib edilmiş Tövrat Los Ancelesdə yaşayan yəhudi icmasının yığdığı ianələr hesabına İsraildə hazırlanıb.

Hədiyyənin verilməsi ilə bağlı Sinay Sinaqoqunda geniş mərasim keçirilib. Kaliforniya yəhudilərinin 400 nəfərdən çox aparıcı nümayəndəsi bu tədbirdə iştirak edib. Mərasimdə Azərbaycandan olan nümayəndə heyəti - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Azərbaycan Milli Məclisinin deputatı Yevda Abramov, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və həmin icmanın ravvini Avraam Yakubov iştirak edib.

Mərasimin açılış hissəsində Sinay Sinaqoqunun kantoru Markus Fildmənin Azərbaycan dövlət himnini ifa etməsi və Azərbaycanın təqdimatına dair video-çarxın nümayişi qonaqlar tərəfindən maraqla qarşılanıb. Sonra Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev və İsrailin baş konsulu Deyvid Siql çıxış ediblər. Çıxışında, N.Ağayev Azərbaycanın tarixi tolerantlıq ənənələrindən bəhs edərək, ölkədə müxtəlif dini etiqadlara göstərilən diqqətin bütün dünya üçün nümunəvi model təşkil etdiyini vurğulayıb. N.Ağayev həmçinin, bir neçə gün əvvəl İsrail prezidenti Ruven Rivlinin BMT-də Holokostun beynəlxalq anımı günü ilə bağlı etdiyi çıxışı zamanı Xocalı qətliamı barədə danışmasına diqqət çəkərək, bunun yüksək tarixi, siyasi və mənəvi önəm daşıdığını bildirib.

Çıxışlardan sonra dünya yəhudiləri arasında xüsusi nüfuza malik, eləcə də “Time” jurnalı tərəfindən ABŞ-ın ən tanınmış yəhudi din xadimi kimi səciyyələndirilən, Sinay Sinaqoqunun baş ravvini Devid Volpi dini ayinlərin müşayiətilə Tövratı Azərbaycan dağ yəhudi icmasına təqdim edib.

Sonra Gündüz İsmayılov, Evda Abramov və Milix Yevdayev çıxış edərək, göstərilən diqqətə görə Los Anceles yəhudi icmasına təşəkkürlərini bildiriblər. Çıxış edənlər, həmçinin, Azərbaycanın yəhudi icmasının tarixi vətəni olduğunu diqqətə çatdıraraq, burada ölkə rəhbərliyi tərəfindən bütün dini icmalara, o cümlədən yəhudi icmasına daim yüksək ehtiram və dəstəyin göstərildiyini vurğulayıblar.

Qeyd edək ki, bu, ABŞ yəhudi icmasından Azərbaycan yəhudilərinə verilən ilk Tövrat olub.

Son xəbərlər

Orphus sistemi