Yuxarı

İsveçrədə Xocalı qurbanları yad edilib

“Sonsuz dəhliz” sənədli filmi nümayiş olunub

Bakı. 23 fevral. REPORT.AZ/ Fevralın 20-də İsveçrənin paytaxtı Berndə yerləşən “Bellevue” otelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə müvəffəqiyyətlə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin nümayişi, “Khojaly Witness of a war crime – Armenia in the Dock” (Müharibə çinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə) və isveçrəli jurnalist Andre Vidmerin “The Forgotten Conflict” (“Unudulmuş Münaqişə”) adlı kitabların təqdimatı keçirilib.

"Report" xəbər verir ki, tədbiri Azərbaycanın İsveçrə Konfederasiyasındakı fövqəladə və salahiyyətli səfiri Əkrəm Zeynallı açıb. O bildirib ki, bu dəhşətli cinayət kifayət qədər yaxın tarixi zaman kəsiyində baş verib. “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyasının 2008-ci il mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradıldığını xatırladan səfir vurğulayıb ki, məqsəd dünya ictimaiyyətini Xocalı dəhşətləri haqqında məlumatlandırmaqdır. Kampaniya çərçivəsində uğurla həyata keçirilən təbliğat-təşviqat işləri nəticəsində Xocalı soyqırımı Kolumbiya, Çexiya, Rumıniya, Serbiya, Honduras, Peru, Panama, Pakistan, Meksika, İordaniya, Bosniya və Herseqovina, Sudan parlamentləri, həmçinin ABŞ-ın 15 ştatı tərəfindən tanınıb.

“Bugünkü tədbiri keçirməkdə məqsəd İsveçrə auditoriyasına Xocalı həqiqətlərini çatdırmaqdır. Biz inanırıq ki, hər zaman humanist dəyərlər üçün mübarizə aparan İsveçrə parlamenti səsimizə dəstək verəcək və Xocalı soyqırımına ədalətli qiymət verməkdə yuxarıda adları çəkilən ölkələrdəki həmkarlarına qoşulacaqdır”, - Əkrəm Zeynallı vurğulayıb.

“Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” adlı kitabının həmmüəlliflərindən biri İan Pört kitabın əhəmiyyəti barədə danışarkən qeyd edib ki, bu, Xocalı faciəsi haqqında Qərbdə ingilis dilində nəşr olunmuş ilk müstəqil topludur. Faktlara əsaslanan bu unikal kitabda Xocalı faciəsinin şahidləri ilə müsahibələr, xarici mətbuatda nəşr olunmuş materiallar, əcnəbi tədqiqatçıların əsərlərindən icmallar, beynəlxalq insan hüquqları təşkilatlarının hesabatları və fotoqrafların çəkdiyi nadir fotolar yer alır.

"Sonsuz dəhliz” haqqında söz açan İan Pört məlumat verib ki, sənədli film prodüserlər Aleksandr Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olub, hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub, Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilib. İ.Pörtun sözlərinə görə, filmdə Xocalı soyqırımına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş video-görüntülər və foto-materiallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.

İsveçrəli jurnalist André Vidmer müəllifi olduğu “Unudulmuş Münaqişə” kitabı haqqında danışarkən Azərbaycan və Ermənistan qoşunlarının ‘təmas xətti’ndə şahidi olduğu dağıntılar barədə məlumat verib. O, həmçinin müsahibə aldığı ermənilərin Azərbaycanın Ağdam şəhərinin qəsdən və tam şəkildə məhv edilməsini boyunlarına aldıqlarını bildirib. O deyib: “Biz Dağlıq Qarabağ münaqişəsi qurbanlarının unutmamalıyıq. Bu cinayətləri törədənlərin gec, ya tez məsuliyyətə cəlb edilməsi vacibdir. Mən yaşadığım müddətdə azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz dogma yurd-yuvalarına qayıtmalarının şahidi olmaq istərdim”, - Andre Vidmer qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi