Yuxarı

​İsrail baş nazirinin müavini Xocalı soyqırımına həsr olunmuş tədbirdə iştirak edəcək

Tədbirdə Xocalı soyqırımı, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə, erməni vəhşiliklərinə dair çıxışlar olacaq

Bakı. 24 fevral. REPORT.AZ/ Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən İsraildə silsilə tədbirlər keçirilir. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Report”a bildirilib ki, təşkilat “Xocalıya ədalət!” kampaniyası çərçivəsində sabah Akko şəhərində Azərbaycan və İsrail dövlət xadimlərinin iştirakı ilə Xocalı soyqırımına həsr edilən anım mərasimi təşkil edəcək.

Mərasimdə İsrail baş nazirinin müavini, xarici işlər naziri, Knessetin deputatı Aviqdor Liberman, Azİz-in prezidenti, Knessetin deputatı Aleks Miller, Milli Məclisin deputatı, “Xocalıya ədalət!” kampaniyasının nümayəndəsi Fuad Muradov və digər rəsmi şəxslərin, həmçinin İsraildəki Azərbaycan diaspor nümayəndələrinin iştirakı planlaşdırılır. Tədbirdə Xocalı soyqırımı, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə, erməni vəhşiliklərinə dair çıxışlar olacaq, faciədən bəhs edən film nümayiş etdiriləcək və soyqırımın dünya ictimaiyyəti tərəfindən tanınmasına dair müzakirələr aparılacaq.

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının üzvü olan Afula Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən də Xocalı soyqırımına həsr edilən anım mərasimi keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası 2007-ci ildə yaradılıb. Təşkilatın təsis qurultayı və bir sıra tədbirləri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilib. İsrail baş nazirinin müavini Aviqdor Liberman Azİz-in fəaliyyətini daim yüksək qiymətləndirib, assosiasiyanın təşəbbüsü ilə keçirilən bir neçə tədbirdə şəxsən iştirak edib.

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin İsrail ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra layihələr həyata keçirir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi