Gürcüstanda milli azlıqlar arasında dövlət dilinin populyarlaşdırılması ilə bağlı memorandum imzalanıb

Gürcüstanda milli azlıqlar arasında dövlət dilinin populyarlaşdırılması ilə bağlı memorandum imzalanıb Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Vətəndaş inteqrasiyası və insan kapitalının inkişafı üçün dövlət dili” adlı konfrans keçirilib.
Diaspor
31 May , 2019 13:12
Gürcüstanda milli azlıqlar arasında dövlət dilinin populyarlaşdırılması ilə bağlı memorandum imzalanıb
Report

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Vətəndaş inteqrasiyası və insan kapitalının inkişafı üçün dövlət dili” adlı konfrans keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, tədbirdə çıxış edən Gürcüstan Prezidenti Salome Zurabişvili gürcü dilini dövlətin əsas atributu adlandırıb.

O bildirib ki, dövlət dili olmadan birliyə nail olmaq mümkün deyil: “Prezident kimi əsas vəzifələrimdən biri dövlət dilini qorumaq, populyarlaşdırmaq və gücləndirməkdir. Heç bir mədəniyyət dilsiz mövcud ola bilməz. Dil zəifləyəndə, mədəniyyət də zəifləyir”.

Daha sonra çıxış edən Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili son illər ərzində milli azlıqları təmsil edən şəxslər arasında dövlət dilinə marağın artıdığını söyləyib.

O bildirib ki, gürcü dilinə böyük maraq etnik azlıqlar arasında bütün yaş qruplarında müşahidə olunur: “Gürcüstan müxtəlifliyi ilə seçilir və biz bunu unikal dəyər kimi qiymətləndiririk. Gürcüstanda milli azlıqların milli, dini və etnik mənsubiyyəti qorunmaqla yanaşı, onların vətəndaş inteqrasiyasına da dəstək verilir. Ölkədə yaşayan bütün vətəndaşlar milli mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlara malikdirlər”.

K.Tsixelaşvili qeyd edib ki, Gürcüstanda yaşayan etnik azərbaycanlı və ermənilərin ölkə cəmiyyətində daha fəal olmaları arzu olunur.

Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini İrina Abuladze də gürcü dilinin tədrisinin gücləndirilməsinin hökumət üçün əsas prioritetlərdən biri olduğunu deyib. O qeyd edib ki, hökumətin dəstəyi ilə milli azlıqlar yaşayan bölgələrdə gürcü dilinin tədrisinin keyfiyyəti yüksəldiləcək.

Çıxış edən digər rəsmi şəxslər də gürcü dilini etnik azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyası üçün ən vacib alət adlandırıblar. Onların sözlərinə görə, ölkənin iqtisadi, sosial və mədəni həyatında daha fəal iştirak etmək və əmək bazarıda rəqabətli olmaq üçün gürcü dilini bilmək əsas kriteriyadır. 

Konfrans çəçivəsində Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin Aparatı, Dövlət Dili Departamenti, Milli Parlament Kitabxanası və Zurab Jvania adına Dövlət İdarəçilik Məktəbi arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədin əsas məqsədi milli azlıqların yaşadıqları bölgələrdə gürcü dilinin populyarlaşdırılması və dövlət dilinin tədrisi səviyyəsinin yüksəldilməsidir. Əməkdaşlıq çərçivəsində gürcü dili ilə yanaşı gürcü ədəbiyyatı da təbliğ olunacaq. Bu məqsədlə kitabların tərcüməsi, müzakirələrin təşkili, tanınmış gürcü yazıçılara görüşlərin keçirilməsi və bir sıra digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Tədbirdə dövlət və hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri, Kvemo Kartli bölgəsinin rəhbər şəxsləri, milli azlıqların təmsil olunduqları QHT nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi