Yuxarı

Diasporla İş üzrə Dövlət Komitəsinə 3 milyon manat ayrılıb

Prezident İlham Əliyev Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Bakı. 2 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sənəddə bildirilir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla həmvətənimizi ümumi məqsəd və vahid amal ətrafında birləşdirən milli məfkurə kimi qəbul olunur. 2001-ci ildə ulu öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən Dünya Azərbaycanlılarının I qurultayından sonra qısa müddət ərzində xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin hüquqi əsasları müəyyənləşdirildi, yüzlərlə yeni diaspor təşkilatı təsis edildi, ölkənin milli maraqlarının müdafiəsinə xidmət edən layihələr həyata keçirildi, diaspor təşkilatlarının fəaliyyət strategiyasını müəyyən edən konseptual sənəd - Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edildi.

Sərəncam dəyişən dünyanın yeni reallıqları şəraitində Azərbaycan diasporunun potensialından daha səmərəli istifadə olunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə müasir informasiya texnologiyaları vasitəsilə çatdırılması, xalqımızın qədim tarixinin və zəngin mədəni irsinin təbliği, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması, cəmiyyətə inteqrasiyasının sürətləndirilməsinə xidmət edən layihələrə dövlət dəstəyinin artırılması məqsədilə imzalanıb. 

Sənədlə Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Diasporla İş üzrə Dövlət Komitəsinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi