Bakı. 27 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin iclasında “Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirə olunub. "Report" xəbər verir ki, layihə barədə komitə sədri Ziyafət Əsgərov məlumat verib.
Onun sözlərinə görə, bu cür sazişlər artıq bir neçə ölkə ilə bağlanıb: "Azərbaycanın Fövqəladə Hallar Nazirliyi bir çox qonşu ölkələrə fövqəladə hallar zamanı yaxından yardım edib".
O, həmçinin əlavə edib ki, 22 maddədən ibarət qanun layihəsində anlayışlar, prinsiplər, yardımın göstərilməsi qaydası, əməkdaşlığın formaları, dövlətlərin ərazisinə keçmə qaydası, yarana biləcək mübahisələrin həlli və digər məsələlər öz əksini tapıb. Saziş Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan tərəfindən imzalanıb.
İclasda eyni zamanda “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi də müzakirə olunub. Müddətsiz bağlanan sazişlərin Azərbaycan tərəfinin xoş məramını bir daha ortaya qoyduğu diqqətə çatdırılıb.
Müzakirələrin sonunda hər iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.