Laçın rayonunun Zabux kəndində seçicilər səsvermə hüququndan istifadə edirlər.
Report-un Qarabağ bürosunun Laçına ezam olunan əməkdaşının məlumatına görə, uzun illərdən sonra doğma yurdlarına dönən zabuxlular 121 saylı Laçın seçki dairəsinin 108 saylı seçki məntəqəsində səs verirlər.
Səsvermənin başlamasında qısa müddət keçməyinə baxmayaraq, məntəqədə seçici fəallığı müşahidə olunur.
Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.
Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.
Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.