“YayFest” gənclər festivalı keçiriləcək

“YayFest” gənclər festivalı keçiriləcək Azərbaycan Gənclər Fondu 2 illik fasilədən sonra yenidən “Yay Fest” festivalını keçirəcək.
Daxili siyasət
30 İyul , 2021 12:06
“YayFest” gənclər festivalı keçiriləcək

Azərbaycan Gənclər Fondu 2 illik fasilədən sonra yenidən “Yay Fest” festivalını keçirəcək.

“Report”un məlumatına görə, bir ay ərzində keçiriləcək festival “Tələbələr”, “İnnovasiya və Sahibkarlıq”, “Vətənpərvərlik”, “Könüllülər” və “Karyera və İnkişaf” olmaqla silsilə 5 düşərgə şəklində təşkil olunacaq.

Düşərgələrin hər birində vətənpərvərlik, tarix, incəsənət, sosial media, innovasiya və digər mövzularda gənclərlə müxtəlif təlim, seminar, mühazirələr keçiriləcək, dövlət və özəl qurumların nümayəndələri və eləcə də millət vəkilləri, dövlət və özəl qurum nümayəndələri, təlimçi, ulduz və bloqerlərlə görüşlər təşkil olunacaq.

Həmçinin, iştirakçılar komanda işləri, əyləncəli oyunlar, düşərgə keçirildiyi regionda yerləşən tarixi-mədəni və təbiət ərazilərinə səfərlər kimi maraqlı fəaliyyətlərə cəlb olunacaqlar. Hər günün sonunda gənclər üçün konsert proqramı və kino nümayişi planlaşdırılır.

Açılış mərasimi Şamaxı Rayon İcra hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Şamaxı Astrofizika Rəsədxanasının rəhbəri Namiq Cəlilov və media nümayəndələrinin iştirakı ilə baş tutub.

Natiqlər Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətində müxtəlif sahələrdə - təhsil, məşğulluq, innovasiya, idman və digər sahələrdə gənclər üçün yaradılan imkanlardan, həmçinin bu tip düşərgələrin gənclərin əylənərək öyrənməsi baxımından faydasından danışıblar.

Dövlət gənclər siyasətinin mərkəzində gənclərin vətənpərvər, təhsilli, sağlam və geniş dünya görüşünə malik olması dayandığı qeyd edilib. Çıxışlarda Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbədən və bu qələbənin əldə olunmasında gənclərin xüsusi rolu vurğulanıb. Açılışda həminin gənclər öz istedadlarını nümayiş etdiriblər.

Bu il “Ulduzlara doğru” şüarı ilə gəncləri ətrafına toplayan festival Azərbaycan Gənclər Fondunun dəstəyi, “Cavan” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.

Ötən ay elan olunan festivala 3 000-dən çox gənc müraciət edib. Düşərgənin təşkili və keçirilməsi zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar tövsiyələri nəzərə alınmaqla, yalnız COVID-19 pasportu olan şəxslərin iştirakı təmin edilib.

Son xəbərlər

Orphus sistemi