"YAŞAT" Fondunun Naxçıvanda təşkil etdiyi "Yay düşərgəsi"nə 44 şəhid övladı qatılıb, onlardan 9-u qardaş Türkiyədən dəvət olunub.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanda jurnalistlərə açıqlamasında "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov deyib.
O, Naxçıvanda “Yay düşərgəsi”nın açılmasının Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşdirilməsi məqsədindən qaynaqlandığını bildirib:
“Bildiyiniz kimi, Azərbaycan-Türkiyə sərhədi məhz Naxçıvan Muxtar Respublikası ərazisində yerləşir. Bu mənada düşündük ki, iki qardaş ölkənin şəhid övladları üçün düşərgəni məhz Naxçıvanda keçirək. Bu eyni zamanda, Azərbaycan-Türkiyə sahəvi əməkdaşlığının sistemləşdirilməsi və dərinləşdirilməsinə dair fəaliyyət planının icrası ilə əlaqədar həyata keçirilir.
Məqsəd şəhid övladları arasında dostluq münasibətlərinin bərqərar olunması, əlaqələrin inkişaf etdirilməsi, Naxçıvanın tarixi, gəzməli-görməli yerlərini yaxından tanımaq, şəhid övladlarının asudə vaxtlarının səmərəli keçirilməsinə xidmət etməkdir”.
E.Hüseynovun sözlərinə görə, Azərbaycan və Türkiyədən olan şəhid ailələri üzvlərinin qarşılıqlı səfərləri davamlı xarakter daşıyacaq:
"Biz Türkiyə ilə bağlı bir sıra layihələr həyata keçiririk. 28 may - Müstəqillik Günü ilə bağlı Türkiyədən Azərbaycana 30-a yaxın şəhid ailəsinin üzvünü dəvət etmişdik. Onlar Şuşada oldular, şəhəri yaxından tanıdılar, Bakını gəzdilər, Qənimətlər parkında oldular. Həmçinin ötən ay bizdən 23 qız, 18 oğlan övladı Türkiyənin Antalya şəhərində düşərgədə iştirak etdilər.
Bir neçə gündən sonra - avqustun 30-da Türkiyənin Zəfər bayramı qeyd ediləcək, biz də həmin tədbirdə təmsil olunacağıq. Ümumiyyətlə, Türkiyə-Azərbaycan sahəvi əməkdaşlığı ilə bağlı üzərimizə düşən bütün tədbirləri icra etməyə çalışacağıq”.
“Bildiyiniz kimi, bizim hazırda olduğumuz Ağbulaq İstirahət Mərkəzi qış turizmi infrastrukturuna malikdir. Biz düşünürük ki, qarşıdakı aylarda şəhid övladları üçün qış idman növləri üzrə kütləviliyin artırılması və düşərgənin keçirilməsi planlaşdırılır. İnanıram ki, həmin düşərgəni bu il təşkil edəcəyik”, - Fond rəhbəri bildirib