YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov Türkiyədəki Vətən müharibəsi qazilərinin müalicəsinin yarımçıq dayandırılaraq ölkəyə qaytarılması ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.
"Report"un xəbərinə görə, o, bu cür ittihamları əsassız adlandırıb.
"Hazırda Türkiyədə 35 qazimizin müalicəsi davam etdirilir. Mütəxəssislər tərəfindən rəy verildiyi zaman isə onların müalicəsi bitəcək və ölkəmizə geri qayıdacaqlar. Bundan sonra isə ölkəmizin digər səhiyyə qurumları və YAŞAT Fondu bununla bağlı öz öhdəsinə düşən işlərini görəcəklər. Heç bir müalicə yarımçıq qala bilməz. Çünki müalicənin başlama və bitmə müddətini, prosedurlarını mütəxəssislər bildirirlər. Onların da rəyi nə olarsa, biz ona görə davranırıq. Hazırda heç bir qazimizin müalicəsi yarımçıq saxlanılmır. Bu, müzakirə mövzusu ola da bilməz", - E.Hüseynov bildirib.