Lənkəranda “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsi başa çatıb.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, 2021-ci ilin 12 iyul tarixindən başlayan düşərgə ümumilikdə 300-dək uşağı əhatə edib.
6 yaş qrupu üzrə təşkil olunan hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edib. Düşərgə ərzində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, tanınmış şəxslər, peşəkarlar, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları təşkil olunub.
Düşərgə boyunca uşaqlar sığortalanıblar və davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət olunublar. Psixoloqlar tərəfindən müxtəlif terapiyalar keçirilib, o cümlədən fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdirilib və Fond tərəfindən düşərgədən sonra müalicə prosesinə cəlb olunacaqlar.
Düşərgədə “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən innovativ düşünmə tərzinin aşınlanması məqsədilə yarışmalar, habelə robotexnika, yuxarı yaşlı uşaqlar üçün isə “Hakaton” keçirilib.
Düşərgənin sonuncu günündə Elektron Hökumətin İnkişafı Mərkəzinin əməkdaşları tərəfindən "Süni zəka: kodla və oyna", "Data elmi və tətbiq sahələri" mövzuları üzrə təlim proqramları keçirilib. Eyni zamanda iştirakçılar üçün hovuz və əyləncə saatı təşkil olunub.
"YAŞAT" düşərgəsinin bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Fondun Himayəçilik Şurasının üzvləri Sevinc Alızadə, Anar İsgəndərov və digər qonaqlar iştirak edib, düşərgə iştirakçılarına xoş arzularını çatdırıb, qarşıdakı təhsil və həyat yollarında uğurlar arzulayıblar. İştirakçılara müxtəlif hədiyyələr təqdim edilib.
Düşərgə iştirakçıları olan qəhrəman övladlarının hər biri onlara göstərilən diqqət və qayğıdan məmnun olduqlarını, burada maraqlı, yaddaqalan günlər keçirdiklərini, eləcə də yeni dostlar qazandıqlarıı söyləyiblər.
Düşərgənin bağlanış mərasimində tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə qala gecəsi təşkil olunub.