Yuxarı

YAP-ın sədr müavini: "Azərbaycan xalqı “beşinci kolon”un dağıdıcı fəaliyyətini narazılıqla qarşılayır"

Radikal müxalifət öz mövqeyini və ideologiyasını kəskin surətdə dəyişməyə məhkumdur

Bakı. 30 dekabr. REPORT.AZ/ "Azərbaycanın dinamik inkişafı, beynəlxalq mövqeyinin mütəmadi olaraq güclənməsi anti-Azərbaycan dairələrdə narahatlıq yaradır və həmin qüvvələr dövlətimizə qarşı müxtəlif vasitələrlə yanaşı, ölkə daxilindəki ünsürlərdən də istifadə edirlər. Bu sırada radikal müxalifət, “beşinci kolon” kimi səciyyələndirilən təşkilatlar və “hüquq müdafiəçiləri” fərqlənirlər".

"Report"un məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində partiyanın sədr müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.

Nazir müavini qeyd edib ki, onlar faktiki və konkret olaraq siyasi alət kimi çıxış edirlər və məqsəd Azərbaycana müxtəlif məsələlər ətrafında təzyiqlər etmək, hətta bəzi hallarda ölkə daxilində xaos mühiti yaratmaqdır: "Əlbəttə, bütün bu neqativ cəhdlərin heç bir nəticəsi olmayacaq, çünki Azərbaycan dövləti ictimai-siyasi sabitlik və təhlükəsizliyi etibarlı şəkildə təmin edib, ölkəmizdə xalq-iqtidar birliyi mövcuddur. Azərbaycan xalqı radikal müxalifəti qəbul etmir, “beşinci kolon”un dağıdıcı fəaliyyətini narazılıqla qarşılayır. Azərbaycan ictimaiyyətinin bu zamana qədər radikal müxalifətə göstərdiyi münasibət dediklərimizin bariz nümunəsi və sübutu qismində çıxış edir. Bu münasibətin qarşılığında həmin qüvvələr özlərinə tənqidi münasibət bəsləmək və düzgün nəticələr çıxarmaq əvəzinə daha radikal mövqe tuturlar. Və radikal addımlar üçün onlara təklif olunan əsas və yeganə məkan bir sıra xarici ölkələrin mətbuat səhifələri olur. Bununla da radikal müxalifət anti-Azərbaycançı qərəzli xarici dairələrin ölkəmizə qarşı həyata keçirdiyi qarayaxma kampaniyasında ucuz vasitəyə çevrilmiş olurlar. Beləliklə, onlar Azərbaycanda ictimai-siyasi situasiyaya az da olsa, təsir etmək gücündə olmadıqlarını özləri də dərk edirlər, amma düzgün addım atmaq, doğru yol seçmək əvəzinə tamamilə daha böyük günahlara gətirib çıxaran səhvlər etmiş olurlar".

Ə.Əhmədov müxalifət partiyalarındakı istefalara da toxunub: "Son zamanlar radikal müxalifət partiyalarının sıralarından kütləvi istefalar qeydə alınır. Əslində, bu partiyaların sıralarında olmuş adamların kütləvi istefaları Azərbaycan vətəndaşlarının bu partiyaların ölkədəki sabitliyi pozmaq istiqamətində fəaliyyətinə cavabıdır. Bu partiyalar dərk etməlidirlər ki, Azərbaycan xalqı onların bütün səylərinə nəinki biganəlik göstərir, əksinə, kəskin şəkildə öz etirazını bildirir. Azərbaycandakı ictimai-siyasi sabitliyi hər bir Azərbaycan vətəndaşı yüksək qiymətləndirir. Çünki ölkəmizin əldə etdiyi nailiyyətlər Ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində qərarlaşmış ictimai-siyasi sabitliyin üzərində möhkəmlənib. Azərbaycan vətəndaşları ayrı-ayrı şəxslərin öz maraqları naminə ölkəmizdəki sabitliyi pozmaq səylərini rədd edir. Güman edirəm ki, bundan sonra da bu münasibəti göstərəcək".

O qeyd edib ki, radikal müxalifət öz mövqeyini və ideologiyasını kəskin surətdə dəyişməyə məhkumdur: "Onlar bu reallığı dərk etməsələr, səhv mövqelərini davam etdirməkdə israrlı olsalar, Azərbaycan cəmiyyətinin onlara münasibəti daha da kəskinləşəcək. Azərbaycanda radikallığa, aqressivliyə yer yoxdur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi