Yuxarı

​YAP illik maliyyə hesabatını açıqlayıb

2016-cı il yanvar ayının 1-nə partiyanın depozit hesabında ehtiyat vəsaiti 6 000 000 manat olub

Bakı. 28 yanvar. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən Report"a verilən məlumata görə, iclasda İdarə Heyətinin 2016-cı ilin birinci yarımilliyinə dair iş planı müzakirə edilib, YAP İdarə Heyətinin 2015-ci ilə dair illik hesabatı, YAP-ın tərkibi, Qadınlar Şurası və Gənclər Birliyinin tərkibi haqqında 2015-ci ilə dair illik statistik hesabat, partiyanın 2015-ci il üzrə maliyyə hesabatı qəbul edilib.

Bildirilib ki, 2015-ci ildə Azərbaycanın iqtisadi və sosial həyatında inkişaf uğurla davam etdirilib. Ötən il keçirilən parlament seçkilərində yaxından iştirak edən Yeni Azərbaycan Partiyasının namizədləri özünün növbəti möhtəşəm qələbəsini təmin edib. Bütövlükdə parlamentə seçilən deputatların 71 nəfəri Yeni Azərbaycan Partiyasının üzvləridir. Qeyd olunub ki, seçki təşviqat kampaniyasında partiyanın sədri, Prezident İlham Əliyevin Azərbaycanın tərəqqisi, inkişafı, xalqın rifahının yüksəldilməsi, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi və digər sahələrdə gördüyü işlər əsas yer tutub.

2015-ci ildə YAP müxtəlif xarakterli mühüm tədbirlər həyata keçirməklə ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edib.

YAP beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səylərini uğurla davam etdirilib. Xüsusilə müxtəlif ölkələrin aparıcı partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında işgüzar və səmimi münasibətlər daha da genişləndirilib, bir sıra mühüm görüşlər keçirilib.

Vurğulanıb ki, 2015-ci ildə Yeni Azərbaycan Partiyasının sıralarına 23 min nəfərdən çox yeni üzv qəbul edilib və beləliklə, partiyanın üzvlərinin sayı 667 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib.

İdarə Heyətinin iclasında həmçinin YAP-ın ötən ilə dair maliyyə hesabatı dinlənilib. Qeyd olunub ki, 2015-ci ildə YAP-ın gəlirləri 7 442 113 manat olub. Bunun 6 293 512 manatını üzvlük haqları, 1 148 601 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib.

Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 3 767 616 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əməkhaqqının ödənilməsinə, 573 169 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, 187 788 manatı parlament seçkiləri ilə əlaqədar partiya hesabından seçki fonduna köçürmələrə, 161 264 manatı ezamiyyə xərclərinə, 259 126 manatı invertarların alınmasına, 319 902 manatı təmir işlərinə, 393 770 manatı kommunal və təsərrüfat xərclərinə, 182 737 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 62 778 manatı bank xidmətinə, 235 343 özəlləşmə və icarə haqlarına, 242 443 manatı isə sair xərclərə sərf edilib.

Beləliklə, Yeni Azərbaycan Partiyasının cəmi xərcləri 6 385 936 manat təşkil edib. Hesabat ilinin sonuna toplanan vəsaitin 1 056 177 manatı partiyanın və yerli təşkilatlarının hesabında qalıb. 2016-cı ilin yanvar ayının 1-nə partiyanın depozit hesabında ehtiyat vəsaiti 6 000 000 manat olub.

YAP İdarə Heyətinin 2015-ci ilə dair hesabatı, illik statistik hesabat, partiyanın maliyyə hesabatı və İdarə Heyətinin 2016-cı ilin birinci yarımilliyinə dair iş planı geniş müzakirə olunduqdan sonra qəbul olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi