İyunun 29-da Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin IV iclası keçirilib.
YAP-dan "Report"a verilən məlumata görə, iclasda YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və Gənclər Birliyinin üzvləri iştirak ediblər. İclasda Gənclər Birliyinin cari fəaliyyəti, qarşıda duran vəzifələr və komitələrin fəaliyyət planlarının icrası ilə bağlı bir sıra məsələlər geniş müzakirə olunub.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov YAP Gənclər Birliyinin son 3 ay ərzindəki fəaliyyətindən bəhs edib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonra yenidən formalaşdırılan YAP Gənclər Birliyinin tərkibində 5 komitə yaradılıb. Komitələrin əsas məqsədi Gənclər Birliyinin müxtəlif sahələr üzrə fəaliyyətində səmərəliliyin artırılmasıdır. Hazırda YAP Gənclər Birliyi tərəfindən I Davamlı İnkişaf Məktəbi layihəsinin icra olunduğunu deyən B.İslamov qeyd edib ki, layihə cəmiyyətdə müxtəlif sferaları əhatə edən gənclər tərəfindən böyük maraqla qarşılanıb. Müsahibə mərhələsindən uğurla keçən 17 YAP üzvü və 17 bitərəf gənc layihədə iştirak etmək şansı qazanıb. Davamlı İnkişaf Məktəbinin əsas özəlliyi ondan ibarətdir ki, burada təkcə YAP üzvü olan gənclər deyil, həm də Partiya üzvü olmayan gənclərə də iştirak hüququ verilib.
Daha sonra YAP Gənclər Birliyinin sədr müavinləri Sevinc Qasımova, Fəsli Nəbiyev və Gənclər Birliyinin üzvləri Ülkər Qəhrəmanova, Ülviyyə Axundova, Kənan Kərimov, İlqar Axundov, Fərid Dünyamalıyev, Azad Manaflı, Fərid Sadıxlı, Nihad Allahyarlı, İlqar Quliyev, Salman Salmanov, Emil Aslanlı, Anastasiya Lavrina və Sabir Rüstəmov Gənclər Birliyinin növbəti dönəmdə həyata keçirəcəyi yeni layihələr və təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar.