YAP-çı deputat: "İpotekaya ayrılan vəsait vətəndaşların ehtiyacını ödəmir"

YAP-çı deputat: "İpotekaya ayrılan vəsait vətəndaşların ehtiyacını ödəmir" “Qənaəti kitabla etmək olmaz”
Daxili siyasət
17 Mart , 2015 17:40
YAP-çı deputat: İpotekaya ayrılan vəsait vətəndaşların ehtiyacını ödəmir

Bakı. 17 mart. REPORT.AZ/ “Hər il olduğu kimi, bu il də hökumətin hesabatı yüksək səviyyədə hazırlanıb. Əsas nailiyyət isə ölkədə gedən inkişafdır”. “Report” xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov parlamentin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2014-cü il üzrə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

O qeyd edib ki, keçən ilin hesabatında mədəniyyət məsələlərinə də geniş yer ayrılıb: “Bu il həmişə olduğu kimi, mədəniyyət sahəsində də bir sıra önəmli hadisələr oldu. Sevindirici haldır ki, mədəniyyət sahəsində inkişaf edirik. Ayrı-ayrı regionlarımızın mədəniyyət paytaxtları elan olunması da mühüm hadisəsidr”.

Deputat Elmira Axundova çıxışı zamanı hesabatların elektron formada parlament üzvlərinin poçt ünvanlarına göndərilməsini təklif edib: “Parlamentdə çap işlərinə dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Hesabatların elektron formada göndərilməsi bu vəsaitlərə qənaət edilməsinə də səbəb olar”.

Spiker Oqtay Əsədov isə E.Axundovanın təklifinə “qənaəti kitabla etmək olmaz” deməklə cavablandırıb: “Hökumətin 450 səhifəlik hesabatı parlament üzvlərinə elektron formada göndərilsə, burda oturan deputatların əksəriyyətinin gözü kor olar”.

Daha sonra çıxış edən deputat Azay Quliyev bildirib ki, əhalinin məmnunluğunu təmin edən son mühüm layihələrdən biri də “ASAN xidmət”dir: “Ötən il 7 "ASAN xidmət" mərkəzi tərəfindən 6,5 milyon vətəndaşa xidmət etmək üçün şərait yaradılıb. Ötən ildə ən vacib məsələlərdən biri də I Avropa Oyunlarına hazırlıq idi. Əminəm ki, hökumət bunun öhdəsindən layiqincə gələ bildi, çoxlu sayda infrastruktur layihələri həyata keçirdi. Əminəm ki, bu Oyunlar ölkəmizdə yüksək səviyyədə həyata keçiriləcək”.

YAP-çı deputat Aydın Mirzəzadə isə çıxışında ipotekaya ayrılan vəsaitin vətəndaşların ehtiyacını ödəmədiyini vurğulayıb: “Ona görə də bununla bağlı xüsusi proqram qəbul edilməlidir. Bundan başqa, sosial evlərin tikilməsini də təklif edirəm. Çünki dövlət ucuz evlər tikərək onu aşağı - illik 3-4 faizlə ehtiyacı olanlara verə bilər. İkinci təklifim də odur ki, Bakı və Sumqayıt istisna olmaqla, mənzil tikintisi ilə məşğul digər şirkətlər vergidən azad olunsunlar. Büdcə bir neçə illik müəyyən gəlirdən məhrum edilsə də, əvəzində gələcəkdə yüz minlərlə insan mənzillə təmin oluna bilər”.

Deputat Sabir Rüstəmxanlı isə məmur-vətəndaş münasibətlərinin pis olmasından gileylənib: “Azərbaycanda məmur-vətəndaş münasibətləri dözülməz vəziyyətdədir. Sanki keçilməz qalada gizləniblər. Biz millət vəkilləri hansısa nazirə aylarla düşə bilmirik”.

Son xəbərlər

Orphus sistemi