Yuxarı

​YAP: Azərbaycan Ordusu digər qüvvələrin maneçiliyi olmazsa, ərazi bütövlüyümüzü təmin edər

Azərbaycan Ordusu Cənubi Qafqaz və post-sovet məkanının ən güclü ordusudur

Bakı. 3 aprel. REPORT.AZ/ "Ermənistan Azərbaycanın müxtəlif bölgələrində təxribatla məşğul olur. Onlar dinc sakinləri atəş altında saxlayır. Son günlər cəbhədə baş verənlər prezident İlham Əliyevin ABŞ-da keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakı və digər məsələlərlə bağlıdır. Bu, Ermənistanın təxribatıdır".

Bunu "Report"a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gedən döyüşlərə münasibət bildirərkən deyib.

S.Novruzov qeyd edib ki, Azərbaycan Ordusu cəbhədə baş verənlər zamanı öz hazırlığını bir daha nümayiş etdirib:

"Ordumuz düşmənə layiqli cavab verdi. Bir daha sübut etdik ki, Azərbaycan Ordusu Cənubi Qafqazın, post-sovet məkanının ən güclü ordusudur. Ordunun həm texniki təchizatı, həm insan resursları, nizam-intizamı onun güclü olduğunu göstərir. Azərbaycan Ordusu digər qüvvələrin maneçiliyi olmazsa, istənilən an ərazi bütövlüyümüzü təmin edər".

YAP icra katibinin müavini təmas xəttində baş verənlərə dünya dövlətlərinin münasibətinə, laqeydliyinə təəssüfləndiyini vurğulayıb:

"Bunu tənqid edirəm. Hər bir məsələyə müəyyən standartla yanaşmaq lazımdır. İstər terror, istərsə də atəşkəsin pozulması hadisəsinə güc dövlətlərinin yanaşma tərzi bəşəriyyətin məhvinə aparır. Bu gün bəşəriyyətdə beynəlxalq hüquq normaları deyil, güc hüququ işləyir. Dünya dövlətlərinin bu yaxınlarda Türkiyədə baş verən terror hadisələrinə münasibətləri qənaətbəxş olmadı. Türkiyə NATO-nun üzvüdür. NATO-nun Nizamnaməsinə görə, üzv dövlətlərin hər hansı birində terror və ya ölkə ərazisinə hərbi müdaxilə olarsa, quruma üzv olan bütün dövlətlər birləşməlidir. Biz nəyi müşahidə etdik? Heç bir dövlət Türkiyəyə görə birləşmədi. Amma Brüsseldə baş verən terror aktına görə bütün Avropa dövlətləri birləşdilər və bəyanatlarını verdilər. Pakistanda da terror aktı baş verdi, xeyli insan həlak oldu. Həmin məsələyə də münasibət bildirilmədi. Məgər bunlar insan deyil? Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin pozulması nəticəsində şəhid olan hərbçilərimizə görə hamı sarsılır. Dünən Ermənistanın atəşkəsi pozması nəticəsində 12 nəfər şəhid olub. Biz bunu ürək ağrısı ilə qarşılayırıq. Çünki onların hər birinin gələcəyi vardı. Amma onların qəhrəmancasına şəhid olması nümunədir. Millət vəkili kimi ali baş komandanın əmrini gözləyirəm. Əmr verilən kimi ordumuza qoşulub çiyin-çiyinə döyüşməyə hazıram".

Qeyd edək ki, aprelin 2-nə keçən gecə bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri ermənilər tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri ermənilərdən tam azad olunub. Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb. Ermənilərlə döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri ermənilər tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi