ADA Universiteti və ali məktəbin fondunun birgə təşkilatçılığı ilə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin həyətində Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
"Report" xəbər verir ki, aksiyada ADA Universitetinin tələbələri, müəllim və işçi heyəti, o cümlədən məktəbin şagirdləri iştirak ediblər.
Aksiya çərçivəsində Xocalı soyqırımında həlak olan 63 uşağın xatirəsini əbədiləşdirmək məqsədilə 63 meyvə ağacı əkilib. Hər bir ağaca şəhid uşaqların adı verilib.
ADA Universiteti Fondunun Sponsorluq layihələri şöbəsinin müdiri Firuzə İsmayıl Əliyeva qeyd edib ki, bu layihə Xocalı şəhidlərinin adını əbədiləşdirir, onların xatirəsini yaşadır. O söyləyib ki, buradakı ağaclar bar verdikcə ondan bəhrələnən bu məktəbin şagirdləri təbiət və cəmiyyətə qarşı məsuliyyətlərini bir daha xatırlayacaqlar.
11 nömrəli məktəbin direktoru Gülnarə Abdullayeva məktəbin sözügedən layihəyə uzun müddətdir hazırlaşdığını bildirib: "Biz xüsusi qayğıya ehtiyacı olan uşaqlarımız, ümumtəhsil siniflərinin uşaqları ilə birlikdə Xocalı soyqırımında həlak olan 63 uşağın adını əbədiləşdirdik. Xırda lövhələrdə onların adlarını qeyd etdik və meyvə ağacları alaraq Xocalı bağı saldıq. Bununla biz həmin uşaqların xatirəsini yaşatmış olarıq".
ADA Universitetinin nigeriyalı tələbəsi Ceyms Ezimoha isə deyib ki, Azərbaycana gəldikdən sonra Xocalı soyqırımı haqqında məlumat alıb: "Mən Azərbaycana gələndə bu soyqırımı haqqında öyrəndim. Bu gün burada həmin faciədə həlak olan uşaqların xatirəsi anılır. Arxamda gördüyünüz hər bir ağac bir uşağa həsr olunub. Mən də bu layihənin bir hissəsi olduğum üçün məmnunam".