Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “İstedad sərhəd tanımır” adlı tədbir təşkil olunub.
Nazirlikdən "Report"a verilən məlumata görə, tədbirdə Prezident Adminstrasiyası, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin, habelə beynəlxalq təşkilatların rəhbər vəzifəli şəxsləri iştirak edib.
Tədbir iştirakçıları Mərkəzin təlimçiləri və benefisiarlarının hazırladığı əl işlərindən ibarət sərgi, habelə Mərkəzdə yaradılmış şəraitlə, peşə-yaradıcılıq otaq və studiyaları ilə tanış olublar.
Tədbirin açılışında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində bu sahədə əldə olunan mühüm uğurları diqqətə çatdırıb.
Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan bu mərkəz Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər əhatəli, çoxşaxəli fəaliyyət istiqamətlərini özündə birləşdirən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır.
Mərkəzin sosial cəhətdən həssas qrupların yaradıcı potensialının, istedadlarının, digər bacarıqlarının ortaya çıxarılması və inkişafı, cəmiyyətə təqdim olunmasında, onların sosial inteqrasiyasında mühüm rola malik olduğu vurğulanıb.
Sonra Mərkəzin təlimçiləri və benefisiarlarının iştirakı ilə konsert proqramı təqdim olunub. İnklüziv ansamblın müşayiəti ilə keçirilən konsert proqramında dünya və Azərbaycan musiqisinin sevilən nömrələri təqdim olunub.