Xankəndidə səsverməni izləyən türkiyəli deputat: "Azərbaycanın seçiciləri çox qürurludur"

Xankəndidə səsverməni izləyən türkiyəli deputat: "Azərbaycanın seçiciləri çox qürurludur" Xankəndiyə ezam olunan türkiyəli müşahidəçi Azərbaycan seçicilərinin çox duyğulu və qürurlu olduğunu bildirib.
Daxili siyasət
7 Fevral , 2024 11:40
Xankəndidə səsverməni izləyən türkiyəli deputat: Azərbaycanın seçiciləri çox qürurludur

İşğaldan azad olunan Xankəndi şəhərində növbədənkənar prezident seçkilərini müşahidə edən Türkiyə Böyük Millət Məclisinin deputatı Osman Mesten Azərbaycan seçicilərinin çox duyğulu və qürurlu olduğunu bildirib.

O, bunu "Report"un Qərb bürosunun Xankəndiyə ezam olunan əməkdaşına açıqlamasında deyib.

Deputat bildirib ki, seçkiləri izləməyə TÜRKPA heyətində Türkiyədən 8, Qazaxıstan və Qırğızıstan parlamentlərinin hər birindən 1 deputat Azərbaycana gəlib: "Bu, bizim üçün çox həyəcanlı və tarixi missiyadır. Çünki işğaldan azad edilmiş Qarabağ torpaqlarında ilk dəfə seçki keçirilir. Burada müşahidəçi olmaq da bizə qismət oldu".

Müşahidəçiliyə Şuşadan başladıqlarını deyən türkiyəli deputat vurğulayıb ki, daha sonra Xankəndiyə gələrək buradakı seçki prosesini izləməyə başlayıblar: "Ulu Öndər Heydər Əliyevin təbirincə biz "tək millət, iki dövlət" deyirdik. Bundan sonra türk birliyi olaraq, "tək millət, yeddi dövlət" olacağıq. Azərbaycanın torpaqlarını işğaldan azad etməsi bütün türk dünyasının zəfəridir. Hazırda bunu da qeyd edirik. Azərbaycan seçiciləri də çox duyğulu və qürurludur. Bunu görmək xoşdur. Bu seçkilərin Azərbaycana və bütün türk dünyasına uğurlu olmasını diləyirəm".

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi