Vətən müharibəsində qazanılan Qələbənin 100-cü günü münasibətilə Bakının Səbail rayonu ərazisində ağacəkmə aksiyası keçirilib.
"Report"un məlumatına görə, tədbir Azərbaycan Gənclər İdman Nazirliyi (AGİN), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, Səbail rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirdə Səbail rayon icra başçısı Vüqar Zeynalov, Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Baş İdarənin rəisi Raqif Abbasov, "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, şəhidlərin valideynləri, doğmaları, müharibə iştirakçıları, qazilər, olimpiya və dünya çempionları, gənc fəallar iştirak ediblər.
Tədbir əraziyə böyük Dövlət Bayrağının gətirilməsi ilə başlayıb. Daha sonra torpaqlarımızın azadlığı uğrunda canından keçmiş əsgər və zabitlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib və iştirakçılar Dövlət himnini canlı ifa ediblər.
Ardından ağacəkmə prosesinə start verilib. 200 ağac tingi şəhid ailələri, icra başçısı və digər qonaqların iştirakı ilə torpağa basdırılıb. Tədbirin davamı olaraq, yaxın günlərdə daha 650 ağacın əkiləcəyi bildirilib.
Şəhid anaları qəhrəman övladlarına verilən dəyərə görə başda Prezident İlham Əliyev olmaqla, rayon rəhbərliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirib, onların unudulmayacaqlarına inandıqlarını vurğulayıb.
İcra başçısı Vüqar Zeynalov isə öz növbəsində şəhidlərin ruhu, onların valideynləri qarşısında baş əydiklərini və hər zaman bu oğullara borclu olduqlarını söyləyib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.