Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
"Report"un xəbərinə görə, onlayn iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov bildirib ki, bu gün and içəcək vəkilliyə namizədlərlə birlikdə Vəkillər Kollegiyası üzvlərinin sayı 1 931 nəfərə çatacaq.
Bununla yanaşı, iclasda namizədlərə vəkillik fəaliyyəti dövrlərində qarşılaşdıqları problemlərlə, qarşıya çıxan qeyri-prosessual münasibətlərlə əlaqədar neqativ hallar və hüquqpozmalar barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məlumat verilməsi tövsiyə olunub. Vəkillik fəaliyyəti zamanı qeyri-prosessual münasibətlərə yol açan, habelə hüquqpozmalarla nəticələnə bilən hər bir hərəkətin yolverilməz olduğu xüsusilə qeyd edilməklə, bütün vəkillər tərəfindən bir sıra məsələlərin diqqətdə saxlanılması vurğulanıb.
Sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçən və icbari təlimi başa vuran namizədlərin andiçmə mərasimi keçirilib, vəkilliyə namizədlər and içiblər.
Daha sonra, yeni vəkillər çıxış edib, vəkil peşəsini seçdikləri üçün məmnun olduqlarını, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının intensiv olaraq keçirilməsi üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə minnətdar olduqlarını bildiriblər.
Daha sonra vəkillərin başqa vəkil qurumuna keçmək, üzvlük haqqından azad olunma və yeni vəkil bürosunun təsis olunması ilə bağlı məsələlərə baxılmış və müsbət qərar verilib.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmış və müvafiq qərarlar qəbul edilib.
Qeyd edək ki, “Report” İnformasiya Agentliyinin məhkəmə-hüquq sahəsi üzrə əməkdaşı, hüquqşünas Rəşad Vaqifoğlu (Əliyev) də vəkil andı içib və Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilib.