Azərbaycan Vəkillər Kollegiyası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı təkliflər hazırlayır.
"Report" xəbər verir ki, bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, dəyişiklik ekoloji cinayətlərlə bağlı cəzaların sərtləşdirilməsi ilə bağlıdır: "Bilirsiniz ki, ermənilər Azərbaycan ekologiyasına böyük zərər vurub və proses bu gün də davam edir. Azərbaycan Vəkillər Kollegiyası da həmin məsələlərə həssas yanaşır. Buna görə də kollegiyanın tərkibində fəaliyyət göstərən cinayət hüququ qrupu müvafiq təkliflər hazırlayıb. Təklif edirik ki, Cinayət Məcəlləsinə ekosit adlı maddə əlavə edilsin. Əgər çox ciddi, uzun sürən ekoloji terror aşkarlansa, belə bir maddə ilə məsuliyyət yaransın. Cinayət Məcəlləsində belə bir maddənin olması gələcəkdə ekositin baş verməsinin qarşısını ala biləcək. Ümid edirəm ki, aidiyyəti qurumlar bu məsələyə müsbət cavab verəcək və məcəlləyə belə bir maddə əlavə ediləcək".