USAID, "Amerikanın səsi" və "Azadlıq" radiosu Azərbaycana qarşı kampaniyalar üçün zəmin hazırlayırdı - RƏY

Daxili siyasət
  • 20 mart, 2025
  • 12:45
USAID, Amerikanın səsi və Azadlıq radiosu Azərbaycana qarşı kampaniyalar üçün zəmin hazırlayırdı - RƏY

USAID agentliyinin, "Amerikanın səsi", "Azadlıq" radiosu kimi media qurumlarının və onların nəzarətində olan de-fakto təsir agentlərinin Azərbaycandakı fəaliyyətləri ictimai rəyə yanlış informasiyalar və mesajlar ötürmək, saxta məlumatlar yaymaq və maraqlı xarici dairələr tərəfindən Azərbaycana qarşı aparılan kampaniyalar üçün zəmin hazırlamaqdan, süni bəhanələr yaratmaqdan ibarət olub.

Bu fikri "Report"a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

O qeyd edib ki, ölkə daxilində sözügedən təşkilat və “media” adına iddia edən təbliğat vasitələri yürütdükləri qərəzli informasiya siyasəti ilə effektiv nəticəyə nail ola bilməyiblər:

"Prezident İlham Əliyevin yürütdüyü və yalnız Azərbaycanın milli maraqlarına xidmət edən siyasət, ölkədə media savadlılığı istiqamətində atılan addımlar və uğurlu marifləndirmə işi daxili proseslərə yönəlik bütün təxribatları iflasa uğradıb. Amma bu casus təsisatlar bəzən müəyyən qədər vaxtımızı və enerjimizi alıblar. Bu baxımdan, USAID agentliyinin, “Amerikanın səsi”, “Azadlıq” radiosunun fəaliyyətinin dayandırılmasının bilavasitə Azərbaycan cəmiyyəti ilə bağlı hansısa proseslərə müsbət təsir göstərəcəyini söyləmək adıçəkilən qurumların təsir mexanizmlərinin və potensiallarının reallıqda olduğundan dəfələrlə artıq qiymətləndirilməsi anlamına gələ bilər".

A.Kərimlinin fikrincə, onların fəaliyyətlərinin öz idarəçiləri tərəfindən dayandırılması və yaxud məhdudlaşdırılması Azərbaycanın bu günə qədər dediklərinin dürüstülüyünü və dəqiqliyini təsdiqləyir:

"Bu qurumları yaradanların özləri artıq onlardan imtina edirlər. Çünki yaxşı başa düşürlər ki, bu korrupsiyalaşmış casus şəbəkəsi artıq Amerikanın özünün maraqlarına zərbə vurur və Birləşmiş Ştatların elan etdiyi dəyərlərin tamamilə gözdən salınmasına zəmin yaradır. Bu təsisatlar artıq tamamilə ifşa olunublar və nəinki Azərbaycanda, ümumiyyətlə, onların apardıqları informasiya siyasətinə inanan barmaqla sayılan qədər adam tapmaq olar. İndi isə istifadəyə tamamilə yararsız olduqları üçün tarixin arxivinə göndərilirlər".

Donald Tramp
Donald Tramp

Qeyd edək ki, Prezident Donald Tramp martın 14-də ABŞ hökumətinin Qlobal Media Agentliyinin və digər hökumət strukturlarının fəaliyyət dairəsinin əhəmiyyətli dərəcədə azaldılması haqqında sərəncam imzalayıb. Agentlik “Azadlıq radiosu” media korporasiyasına və "Amerikanın səsi" radiostansiyasına da nəzarət edir.

Xatırladaq ki, Azərbaycan ABŞ-ni USAID-in ölkə ərazisində fəaliyyətinin dayandırılması barədə məlumatlandırıb.