"Müasir dövrdə ölkəni və xalqı böyük təlatümlərdən sığortalamaq üçün düşünülmüş, praqmatik, ağıllı siyasət, qlobal və geosiyasi reallıqları nəzərə almaq çox zəruridir. Azərbaycanın müstəqilliyinin ilk illəri, xüsusən də 1991-1993-cü illər ölkəmiz üçün çox ağrılı keçib. Ölkədə xaos, anarxiya, hakimiyyət uğrunda mübarizələr, vətəndaş qarşıdurması və torpaqlarımızın işğal altına düşməsi bunun bariz nümaunəsi olub".
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.
Deputat xatırladıb ki, 90-cı illərin əvvəllərində ermənilər Azərbaycan torpaqlarını işğala məruz qoyduğu zaman Azərbaycanda baş verən hadisələr ermənilərin öz çirkin niyyətlərinə çatmasını daha da asanlaşdırmışdı:
"Ən böyük qəbahət AXC-Müsavat cütlüyünün səriştəsizliyi və xəyanəti nəticəsində baş vermişdi. Ölkədə vətəndaş qarşıdurmasını, xaos və anarxiyanı yaradan AXC-Müsavat cütlüyünün çirkin məqsədi məhz bu yolla siyasi hakimiyyətə gəlmək idi. O zaman yaranmış qeyri-stabil vəziyyət, anarxiya, xaos, vətəndaş qarşıdurması, ölkənin parçalanmaq astanasında olması bütövlükdə mənfur AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində baş vermişdi və bundan da istifadə edən düşmən Azərbaycan ərazilərini işğala məruz qoydular. Ancaq ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı düzgün, düşünülmüş siyasət nəticəsində 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan düşmən tapdağına məruz qalan torpaqlarını azad etdi və parlaq qələbə qazandı. Ölkədə əmin-amanlığın, stabilliyin, milli birliyin təmin olunması, Azərbaycanın dünyada söz sahibinə çevrilməsi, güclü iqtisadiyyatı, güclü ordu quruculuğu, vətənpərvər gənclərin yetişdirilməsi istiqamətində atılan addımlar Azərbaycanın 30 illik həsrətinə cəmi 44 gün ərzində son qoydu. Bununla da cənab Prezident Azərbaycan xalqının qürurunu özünə qaytardı, vaxtilə ermənilərlə əlbir olub torpaqlarımızın işğalına şərait yaradan mənfur AXC-Müsavat cütlüyünün qara ləkəsini xalqımız üzərindən təmizlədi".
YAP funksioneri vurğulayıb ki, bu gün Ukraynada baş verənlər Azərbaycanın nə dərəcədə doğru və düşünülmüş siyasət yürütdüyünü bir daha təsdiqləyir:
"Dövlət idarəçiliyində yüksək səriştə, milli maraqların hər şeydən üstün tutulması, qətiyyətlilik və prinsipiallıq liderlərin fəaliyyətinin ana xəttini təşkil edir. Daim milli maraqlar naminə tam müstəqil siyasət yürüdən, hər zaman güclü diplomat keyfiyyətləri ilə beynəlxalq nüfuzunu yüksəldən, qətiyyəti, prinsipiallığı, humanizm prinsiplərinə sadiqliyi ilə xalqın alternativsiz liderinə çevrilən cənab İlham Əliyev də belə siyasətçilərdəndir. Məhz İlham Əliyevin yürütdüyü müstəqil siyasət və yeni inkişaf konsepsiyası əsasında həyata keçirdiyi islahatlarla Azərbaycan dünyanın ən güclü ölkələrindən birinə çevrilib. Dünyanı çənginə almış pandemiya ilə mübarizə dövründə, qlobal böhranın davam etdiyi zamanda Azərbaycan Prezidentinin ortaya qoyduğu qətiyyət, günümüzün reallıqları bunu bir daha təsdiqləyir".
C.Osmanov 2020-ci ildə “Xankəndiyə niyə girmədik” deyənlərin Avropanın ən böyük ölkələrindən olan Ukraynanın bu gün dünyanın gözü qarşısında yaşadıqlarından nəticə çıxarmağa çağırıb:
"Bu gün bütün dünyanın dəstəklədiyi Ukraynadan fərqli olaraq, Azərbaycanın yanında yalnız dost-qardaş ölkə olan Türkiyə var idi. Azərbaycan 2020-ci ildə 10 noyabr sənədinə imza atmasayı və Xankəndiyə ordu yeritsəydi biz bir çox bəlalar gözləyirdi. Bizi həm Rusiyanın hərbi təzyiqi, həm də bu gün Ukraynanın yanında olan ABŞ və Avropanın sanksiyaları gözləyirdi. Bu gün Ukraynada yaşananlar Azərbaycan üçün də ola bilərdi, biz nəinki 44 günlük müharibədə əldə etdiklərimizi, ümumiyyətlə müstəqilliyimiz və dövlətçiliyimizi itirə bilərdik. Amma Prezident İlham Əliyev bütün regional oyunçularla bərabərhüquqlu münasibətlər qurmaqla, qarşılıqlı öhdəlik və məsuliyyət sistemi formalaşdırmaqla həm ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, həm də ölkə mümkün geosiyasi kataklizmlərdən sığortaladı".
Deputat onu da bildirib ki, bu gün Azərbaycanın dünyada, beynəlxalq münasibətlər sistemində nüfuzu durmadan artır:
"Ölkəmiz Qoşulmama Hərəkatının fəaliyyətdə olan sədridir və dünyada gedən proseslərə həm də bu statusla üzərinə düşən öhdəliklər kontekstdə yanaşır. Onu da xüsusi olaraq qeyd edim ki, Azərbaycanı heç bir siyasi avantüralara cəlb etmək mümkün deyil. Bütün qərarlar dərin siyasi təhlilə əsaslanır, dövrün reallıqları nəzərə alınır, gələcək üçün real proqnozlar müəyyən edilir və istənilən qərar milli maraqlara əsaslanır".