Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi strategiyası ilə bağlı keçirdiyi soruğunun nəticələrini açıqlayıb.
“Report” xəbər verir ki, sorğunun nəticələrini dekabrın 24-də keçirdiyi mətbuat konfransında mərkəzin İdarə Heyətinin sədri, deputat Zahid Oruc təqdim edib.
Sorğu Bakı, Abşeron və 7 iqtisadi rayon üzrə (Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan, Yuxarı Qarabağ) şəhər, rayon və kənd əhalisi arasında aparılıb.
Sorğuda təsadüfi üsulla seçilən 1217 respondent iştirak edib. Seçmədə hər iqtisadi rayon üzrə sorğuya cəlb olunacaq respondentlərin sayı proporsional olaraq müəyyənləşdirilib.
Sorğunun aparılmasında telefon müsahibəsi üsulundan istifadə olunub.
Sahə işi 2020-ci ilin 6-13 dekabr tarixlərində aparılıb. Telefon zəngləri saat 10:00-21:00 arasında həyata keçirilib. Sorğunun orta keçirilmə müddəti 23 dəqiqə 17 saniyə olub.
Sorğuda iştirak edən respondentlər əhalinin bütün sosial-demoqrafik qruplarını təmsil edib. Seçmənin sayı əsasında statistik xəta əmsalı 2,8%, əminlik dərəcəsi 95%-dir.
Respondentlərin 29,8 %-i bu qənaətdədir ki, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk illərdən genişmiqyaslı müharibəyə hazırlaşıb.
Sorğuda iştirak edənlərin 12,4 %-i İlham Əliyevin prezidentlik dövrünə nəzər saldıqda 2020-ci ildən onun genişmiqyaslı müharibəyə hazırlaşdığını hiss edib. Respondentlərin 22,2 %-i isə 2014-2018-ci illərdəki dövrü qeyd edib.
Rəyi soruşulanların 20,2 %-i bildirib ki, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illərdə onun genişmiqyaslı müharibəyə hazırlıqlar görməsini heç vaxt hiss etməyib.
Respondentlər düşünür ki, genişmiqyaslı müharibənin davam etdirilməsində Ali Baş Komandanın ən çox etibar etdiyi iki qüvvə: ordu (67,2 %) və xalq (54,8 %) olub.
Prezidentin genişmiqyaslı müharibənin davam etdirilməsində orduya etibar etdiyini deyənlərin 71,7 %-i qələbəmizdə müasir hərbi texnoloji təminatın əsas rol oynadığını bildirib.
Ali Baş Komandan genişmiqyaslı müharibənin davam etdirilməsində xalqa etibar etdiyini deyənlərin 59,3 %-i Vətən müharibəsində qələbəmizdə Azərbaycan xalqının dövləti və ordunu dəstəkləməsinin rolunun əsas amillərdən biri olduğunu deyib.
34,9 % respondent Ali Baş Komandanın genişmiqyaslı müharibənin davam etdirilməsində öz qətiyyətinə və strateji təfəkkürünə, 32,2 % isə Türkiyə və Pakistanın siyasi dəstəyinə etibar etdiyini düşünür.
Əhalinin fikrinə əsasən deyə bilərik ki, II Qarabağ müharibəsindəki qələbəmizin əsas təminatçısı ordumuz və Ali Baş Komandandır. 64,1% respondent belə düşünür ki, Vətən müharibəsində qələbəmizin əsasında müasir hərbi texnoloji təminatlı ordu dayanır. Rəyi soruşulanların 63,2%-i Prezidentin uğurlu xarici siyasətinin Vətən müharibəsində qələbəmizin əsasında duran amillər sırasında qeyd edib.
Respondentlərinin yarısı (50,5 %) düşünür ki, Vətən müharibəsində qələbəmizin əsasında Azərbaycan xalqının dövləti və ordunu dəstəkləməsi, 38 %-i isə Türkiyə və Pakistanın siyasi dəstəyi dayanır.
30,5 % respondent isə Vətən müharibəsində qələbəmizin əsasında Prezidentin şəxsi iradəsi amilini qeyd edib.
Cari sorğu nəticələrinə əsasən 66,8 % respondent belə düşünür ki, 10 noyabr tarixində imzalanmış Bəyanat itki vermədən 3 rayonun işğaldan azad olunması ilə nəticələndi. 61,5 % respondent yuxarıdakı fikirləri təsdiq edərək düşünür ki, üçtərəfli bəyanat Azərbaycanın həm hərbi, həm də siyasi qələbəsini ifadə edir.
Sorğuda iştirak edənlərin yarısı (49,9 %) isə düşünür ki, Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçılarının imzaladığı üçtərəfli bəyanat Ermənistanın tam məğlubiyyətini ifadə edir.
Rəyi öyrənilənlərin 11,2 %-i Qarabağın gələcəyi ilə bağlı qeyri-müəyyənliklərin qalmasından narahatdırsa, 5,2 % və 5,8 % isə Ermənistan üzərində tam qələbənin əldə edilmədiyini və istədiyimiz nəticələrə tam nail ola bilmədiyimizi düşünür.