Türk Dövlətləri Təşkilatının təşəbbüsü ilə Türk Farmakopeyasının yaradılması ilə bağlı ilk iclas keçirilib.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən "Report"a verilən məlumata görə, onlayn iclasda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Türkmənistanın əczaçılıq sahəsində tənzimləyici qurumlarının nümayəndələri iştirak edib.
Analitik Ekspertiza Mərkəzinin əməkdaşları Çingiz Şükürov və Həmid Qurbanov təmsil edib. Çox mühüm əhəmiyyətə malik bu iclasda türkdilli ölkələr arasında ortaq farmakopeyanın yaradılması və bu prosesə dəstək üçün bir sıra təkliflər irəli sürülüb və müzakirə olunub.
Təkliflər sırasında, türkdilli ölkələrin nəzarətedici qurumlarının laboratoriyaları arasında peşəkarlıq sınaqlarının təşkil edilməsi, hazırlanacaq farmakopeyanın dilinin müəyyən olunması, farmakopeyanın hazırlanmasında üzv ölkələrdən iştirak edəcək nümayəndələrin siyahısının hazırlanması və s. kimi mühüm məsələlər gündəmə gətirilib. Türk Farmakopeyasının hazırlanmasının hökumət rəsmiləri səviyyəsində razılaşdırılması və tez bir zamanda hazırlıq işlərinin tamamlanması məsələsi də diqqətə çatdırılıb.