Bakı. 7 yanvar. REPORT.AZ/ "Düşünmürəm ki, Qubad İbadoğlunun və tərəfdarlarının yaratdığı hərəkatın Müsavat Partiyasında daxili proseslərə təsir imkanları olsun. Bu, dolayısı ilə partiyada yeni rəhbərliyin qarşısından kənara çəkilməkdir".
Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının başqanlığına sabiq namizəd Tural Abbaslı deyib. Onun sözlərinə görə, kənarda hansısa hərəkat yaradıb, mövqeləri itirmək düzgün deyil: "Partiyada baş verənlərə biganə yanaşmaq olmaz. Hərəkatın yaradılması partiyada qeyri-müəyyənlik yaratdı. Bu, fraksiya məsələsinə də təsir etdi. Hərəkat tərəfdarları deyir ki, yeni qurum yaradılsa da, partiyada fəaliyyətlərini davam etdirəcəklər. Bəs, o zaman bu hərəkat nəyə lazımdır? Hərəkatla partiyanın qarşıya qoyduqları məqsəd eynidir. Onlar de-yure olmasa da, de-fakto partiyadan kənar qüvvə kimi formalaşırlar. Hərəkat tərəfdarları partiya ilə bağlı məsələlərdə passivlik nümayiş etdirirlər, tədbirlərə qatılmırlar. Buna görə də hərəkatın yaradılmasına müsbət yanaşmıram".
T.Abbaslı partiya daxilində mübarizə aparmağın tərəfdarı olduğunu bildirib: "Mən geri çəkilmək fikrində deyiləm, partiya daxilində mübarizəmi davam etdirəcəm. Çalışırıq ki, ən azı İsa Qəmbərin dönəmindəki vəziyyət bərpa edilsin. Fraksiya yaransa da, yaranmasa da, mövqeyimizdən geri çəkilməyəcəyik".