Yuxarı
    Bağlamaq

    ​Tofiq Yaqublu: "Müsavat daxilində tərəflərin isti münasibət qurması indiki halda mümkün görünmür"

    AXCP ilə Müsavatın münasibətlərinin düzələcəyinə inamım daha çoxdur, nəinki Müsavat daxilində münasibətlərin normallaşmasına

    Bakı. 3 may. REPORT.AZ/ "Müsavat Partiyasının VIII qurultayının nəticələrindən narazı qalanlarla barışıq yaratmağa çalışıram. Bu istiqamətdə görüşlərim olub. Daha əvvəl də demişdim ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Müsavat Partiyasının münasibətlərinin düzələcəyinə inamım daha çoxdur, nəinki Müsavat daxilində münasibətlərin normallaşmasına".

    Bunu "Report"a açıqlamasında Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu deyib.

    O bildirib ki, tərəflərin isti münasibət qurması indiki halda mümkün görünmür: "Bütün hallarda səy göstərirəm, amma aydın hiss olunur ki, hər iki tərəf ittihamların fayda vermədiyi qənaətindədirlər. Düşünürəm ki, proseslər müsbətə doğru gedəcək. Amma bu, hansı yerə qədər davam edəcək, bilmirəm. Diqqət etsəz, görərsiniz ki, son günlər ittihamlar səngiyib. Qubad İbadoğlu təmkinli siyasətçidir, o, qarşıdurmanın yaranmasını istəmir. Amma bu, elə prosesdir ki, hər iki tərəf addım atmalıdır".

    T.Yaqublu Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Müsavat Partiyasının münasibətlərinin normallaşdırılması istiqamətində də danışıqlar apardığını qeyd edib: "AXCP-də təmsil olunanlarla söhbətlərim olub. O partiya ilə münasibətlərin normallaşmasına ümidim daha çoxdur".

    Xatırladaq ki, Müsavat Partiyasının 2014-cü ilin sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı isə 20 səslə üçüncü olub. Qurultayın nəticələrindən narazı qalanlar növbədənkənar qurultay keçirilməsi tələbini irəli sürüblər. Bundan sonra Q.İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaradıb. Partiya rəhbərliyi isə Q.İbadoğlunun bu addımını bölücülük kimi qiymətləndirib və onu partiyadan xaric edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi