Yuxarı

​Tofiq Yaqublu: “Hazırda Milli Şuranın və Müsavat Partiyasının gündəmində aksiyaların keçirilməsi yoxdur”

“Hər iki partiyanın rəhbəri dərk edir ki, münasibətlərin yaxşılaşdırılması mühüm məsələdir”

Bakı. 8 iyun. REPORT.AZ/ "Hazırda Milli Şuranın və Müsavat Partiyasının gündəmində etiraz aksiyalarının keçirilməsi yoxdur. Mitinqlərin keçirilməsi zərurəti yaranarsa, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası bu məsələni müzakirə edə bilər".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının başqanının müavini, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu deyib.

T.Yaqublunun sözlərinə görə, münasibətlər elə vəziyyətdə olmalıdır ki, birgə mübarizə mümkün olsun: "İki partiya arasında münasibətlərin yaxşılaşdırılmasına çalışıram. Yəni, deməmişəm ki, mütləq birlik yaradılacaq. Hər iki partiyanın rəhbəri dərk edir ki, münasibətlərin yaxşılaşdırılması mühüm məsələdir. Bu proses davam edir. AXCP və Müsavat arasında qarşılıqlı ittihamlar xeyli azalıb. Bu, müsbət haldır. Azərbaycan müxalifətinin birgə fəaliyyət göstərmək zərurəti yarandıqda iki partiya anlaşa biləcək. Tərəflər mübarizənin müxalifət daxilindən çıxarılması məsələsində fərqli düşünmür. Yəni, hər iki partiya buna çalışır".

Qeyd edək ki, 2013-cü ildə Müsavat Partiyası Milli Şuranı tərk etdikdən sonra həmin qurumda təmsil olunan AXCP ilə münasibətləri gərginləşmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi