Yuxarı

Milli təhlükəsizlik nazirinin müavini: "Terrorçu və dini radikal-ekstremist qruplara qarşı uğurlu kompleks tədbirlər həyata keçirilib"

Təhlükələr Birinci Avropa Oyunlarına hazırlıq görüldüyü bir vaxtda hərtərəfli və daha sayıq olmağı tələb edir

"Təhlükələr Birinci Avropa Oyunlarına hazırlıq görüldüyü bir vaxtda hərtərəfli və daha sayıq olmağı tələb edir"

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Texniki Universitetində (AzTU) “Milli təhlükəsizliyin təmin olunmasında gənclərin rolu” mövzusunda konfrans keçirilib. 

“Report”un Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə MTN, Gənclər və İdman Nazirliyi və Yasamal Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər.

Konfransı açan AzTU-nun rektoru, professor Havar Məmmədov təhsil ocağında belə mühüm mövzuda tədbirin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib.

Milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev konfransda geniş məruzə ilə çıxış edərək, universitetin pedaqoji heyətini və tələbələrini MTN-in kollektivi adından salamlayaraq onlara uğurlar arzulayıb. Ölkə rəhbərliyinin həyata keçirdiyi ardıcıl islahatlar sayəsində təhsil sahəsində də uğurların artdığını vurğulayan nazir müavini bu gün müstəqil Azərbaycanın dinamik inkişafına töhfə verən yüksək ixtisaslı mütəxəssislər arasında AzTU-nun da minlərlə yetirməsinin olduğunu qeyd edib. E.Əliyev diqqətə çatdırıb ki, Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin təmin edilməsində xüsusi yeri və rolu olan milli təhlükəsizlik orqanları yaranmasının 96-cı ildönümünü ölkəmizin həyatında böyük siyasi və tarixi nailiyyətlər fonunda qarşılayır: “Müstəqil Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatımızın bütün sahələrində mühüm uğurlara imza atır. Dövlətimizin başçısının söylədiyi kimi, inkişafının keyfiyyətcə daha yüksək mərhələsinə daxil olan Azərbaycan dövləti heç vaxt indiki qədər güclü olmayıb”.

Bu gün Azərbaycanın dünya miqyasında ilk növbədə sabitlik, təhlükəsizliyinin etibarlı təminatı, bütün sahələrdə dinamik inkişaf ilə səciyyələndirildiyini söyləyən E.Əliyev bildirib ki, Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan artıq yerləşdiyi regionda hadisələrin inkişaf istiqamətini müəyyənləşdirən aparıcı rola malikdir: “Təsadüfi deyil ki, bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətləri, beynəlxalq təşkilatlar, ilk növbədə Azərbaycanın mövqeyini nəzərə alır, onunla hesablaşırlar. Ona görə də indiki mərhələdə təhlükəsizlik məsələləri ölkəmiz üçün daha mühüm əhəmiyyət kəsb edir”.

Qeyd olunub ki, qloballaşma proseslərinin vüsət aldığı müasir dövr milli təhlükəsizlik sahəsində adekvat ixtisaslı tədbirlərin həyata keçirilməsini zəruri edir. Beynəlxalq maraqların kəsişdiyi məkanda yerləşən Azərbaycanın son illərdə dinamik inkişafı, tranzit əhəmiyyətinin artması, transkontinental neft-qaz kəmərlərinin işə düşməsi, dünyada siyasi-hərbi müstəvidə cərəyan edən hadisələr, terrorçuluğun, informasiya müharibəsinin, kibercinayətkarlığın genişlənməsi təhlükəsizlik məsələlərini daha qabarıq formada üzə çıxarır və mübarizənin keyfiyyətcə yeni formada, müasir tələblərə uyğun aparılmasını vacib edir. Fərqli sivilizasiyaları, müxtəlif mədəniyyətləri bir araya gətirməsi, dini və milli tolerantlığı ilə tanınan Azərbaycanda bu amil xüsusilə aktualdır. Azərbaycan üçün təhlükəsizlik məsələlərinin önəm kəsb etməsi həm də Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün bu gün də davam etməsi ilə şərtlənir. Münaqişənin işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən indiyədək həllini tapmaması, zəbt olunan torpaqlarda terrorçuların hazırlanması, narkotik vasitələrin kultivasiyası, silah qaçaqmalçılığı məqsədilə istifadə edilməsi nəinki Cənubi Qafqaz regionu, hətta beynəlxalq aləm üçün real təhlükədir.

Nazir müavini bildirib ki, bu gün ölkənin yüksək iqtisadi inkişafı və düşünülmüş milli təhlükəsizlik strategiyası mənafelərimizə yönələn hər cür təhdidlərə qarşı adekvat və preventiv tədbirlərin görülməsinə imkan verir.

Vurğulanıb ki, son illər terrorçuluqla mübarizə üzrə aparılan fəaliyyət nəticəsində terrorçuluq, hakimiyyəti zorla ələ keçirmə, konstitusiya quruluşunun əsaslarının dəyişdirilməsi kimi ictimai təhlükəli əməllər törədən və ya törətməyi planlaşdıran terrorçu və dini radikal-ekstremist qruplar, qanunsuz silahlı dəstələrə qarşı uğurlu kompleks tədbirlər həyata keçirilib. Azərbaycan vətəndaşlarının dini radikal ekstremist qruplaşmaların və xarici ölkələrdə qanunsuz fəaliyyət göstərən silahlı dəstələrin tərkibində iştirak etmə hallarına qarşı həyata keçirilən məqsədyönlü əks-kəşfiyyat və antiterror tədbirləri nəticəsində Suriyada və İraqda qanunsuz hərbi birləşmələrin tərkibində hərbi təlim keçərək döyüş əməliyyatlarında iştirak etdikləri, eləcə də Pakistanda və Əfqanıstanda fəaliyyət göstərən terrorçu təşkilatın üzvləri olduqları müəyyənləşdirilən bir sıra Azərbaycan vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub. Transmilli mütəşəkkil cinayətkarlıq və onun ən təhlükəli formalarından olan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə nəticəsində son illər ərzində 5 tondan artıq ağır tərkibli narkotik vasitə milli təhlükəsizlik orqanları tərəfindən aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Azərbaycan Prezidentinin uğurla həyata keçirdiyi daxili və xarici siyasət, o cümlədən enerji təhlükəsizliyi strategiyası üçün əlverişli şəraitin yaradılmasında MTN-in də yaxından iştirak etdiyini vurğulayan Elçin Əliyev qarşıya qoyulan vəzifələrin icrası zamanı nazirliyin digər dövlət qurumları ilə sıx əməkdaşlıq etdiyini söyləyib. Bildirilib ki, hazırda MTN 70-dən artıq xarici xüsusi xidmət orqanı və beynəlxalq təşkilatla əməkdaşlıq münasibətlərinə malikdir. Nazirlikdə ölkə vətəndaşlarının informasiya əldə etmək hüququna, aşkarlıq prinsipinə, ümumiyyətlə, ictimaiyyətlə əlaqələrin səmərəli təşkilinə diqqətlə yanaşılır.

Qeyd olunub ki, Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yürütdüyü siyasi kursa MTN də öz funksiya və səlahiyyətləri çərçivəsində töhfə verməyə çalışır. Bu istiqamətdə səylər daha da gücləndirilib, erməni terroru, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində çoxsaylı sənədli materialların video, foto, elektron, çap və digər vasitələrin bütün dünyada yayılması davam etdirilib.

Bildirilib ki, bu gün Yaxın Şərqdə münaqişə ocaqlarındakı mürəkkəb vəziyyət, müxtəlif radikal meyllərin, mütəşəkkil cinayətkarlığın doğurduğu digər təhdidlərə baxmayaraq, Azərbaycanda sabitlik və inkişaf dinamikası qorunub saxlanıb. Geniş coğrafiyanı əhatə edən bu təhlükələr Azərbaycanda keçiriləcək beynəlxalq səviyyəli mühüm tədbirə - birinci Avropa Oyunlarına hazırlıq görüldüyü bir vaxtda hərtərəfli və daha sayıq olmağı tələb edir.

Erməni terror təşkilatlarının daim təhdid etdiyi Azərbaycanı bu gün transmilli, mütəşəkkil cinayətkar şəbəkələr kimi formalaşan beynəlxalq terrorçu təşkilatlar da öz hədəfinə çevirmək niyyətindədir. Buna görə də terrorçuluq kimi ümumi bəla ilə mübarizədə cəmiyyətin, xüsusilə gənclərimizin, tələbələrin birgə səyləri, sayıqlığı, insanlarımızın məlumatlılığı olduqca mühüm amillərdir.

Sonra AzTU-nun professoru, tarix elmləri doktoru Şikar Qasımov çıxış edərək Azərbaycanın milli təhlükəsizlik orqanlarının şərəfli yol keçdiyini bildirib.

Konfransa yekun vuran AzTU-nun rektoru Havar Məmmədov Azərbaycanın təhlükəsizliyinin, sürətli inkişafının təmin olunmasında gənclərin rolunu yüksək qiymətləndirərək onların üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

Çıxışlardan sonra milli təhlükəsizlik orqanlarının fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi