Bakı Dövlət Universitetindən (BDU) xaric edilən tələbə Pərviz Məhəmmədovun ali təhsil müəssisəsinə bərpa edilməsi üçün rektor Elçin Babayevə ünvanladığı müraciətə bu gün baxılacaq.
Bu barədə “Report”a BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva deyib.
O bildirib ki, Pərviz Əlipənah oğlu Məhəmmədov BDU-nun rektoru Elçin Babayevə ərizə ilə müraciət edərək bu əmrə yenidən baxılmasını xahiş edib: "Bununla əlaqədar BDU rektorunun müvafiq əmri ilə komissiya yaradılmışdır. Komissiyanın qərarına 30 noyabr 2020-ci il tarixdə keçiriləcək BDU Elmi Şurasında baxılaraq müvafiq qərar qəbul ediləcəkdir".
Qeyd edək ki, BDU noyabrın 23-də Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlunun dərs zamanı bir neçə dəfə Universitetin daxili nizam-intizam qaydalarını pozduğu, həmçinin Azərbaycan Respublikasının Dövlət bayrağına qarşı təhqiredici hərəkətlər etdiyi barədə məlumat yayıb. Ali təhsil müəssisəsi buna görə də P.Məhəmmədovun noyabın 23-dən Universitet tələbələri sırasından xaric edilməsi ilə bağlı qərar verib.