"Qarabağda tarix boyu azərbaycanlılar yaşayıb, o ərazinin ermənilərə məxsus olması ilə bağlı heç bir mənbə yoxdur".
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov deyib.
Onun sözlərinə görə, Qarabağın Azərbaycana məxsus olması ilə bağlı heç bir mübahisə və fikir ayrılığı yoxdur:
"Həmin ərazinin tarixi Azərbaycan torpağı olması ilə bağlı kifayət qədər mənbələr var. Həmin mənbələrin əksəriyyəti də digər millətlərə məxsusdur. Bu gün bizə düşmən olanların əksəriyyəti vaxtilə Qarabağla bağlı əsərlər yazıblar. 1805-ci ilin mayında rus generalı Pavel Sisianovla Qarabağ xanı İbrahimxəlil xan arasında Kürəkçay müqaviləsi imzalanıb. Bu müqavilə 11 maddədən ibarətdir. Əgər ermənilər bu torpağın sahibidirlərsə, nə üçün bu müqavilənin bir bəndində belə onların adları çəkilməyib? Bundan əlavə, nə üçün 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsindən təqribən bir ay sonra, martın 21-də İrəvan və Naxçıvan xanlıqlarının ərazisində erməni vilayəti yaradılırdı? Demək ki, yox idi".
Tarixçi bildirib ki, Qarabağın işğalı ilə bağlı əsərlər ən çox rus müəlliflərinə aiddir:
"13 cilddən ibarət olan "Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları" da bu istiqamətdə ən nadir arxiv mənbələrindən sayılır. Həmin arxiv sənədlərinin hər birində yazılıb:
"Qarabağ torpaqlarında Alban məlikliklərində alban əhalisi yaşayırdı. Erməni əhali bu əraziyə yalnız türk əhalisinin təsərrüfat işlərini görmək üçün gəlirdilər". Xankəndi adlandırdığımız ərazi də birmənalı olaraq Azərbaycan torpağıdır. Çünki Şuşa şəhəri Qarabağ xanlığının paytaxtı olub və Xankəndidə də xanın təsərrüfatla bağlı olan mal-qarası, atı və mehtərləri olurdu".
A.İsgəndərov qeyd edib ki, Qarabağın ermənilərə məxsus ərazi olması ilə bağlı bir mənbə belə yoxdur:
"Hər bir ərazi ilə bağlı əsas məsələlərdən biri də yer adlarıdır. Bu kəndlərin heç birində də ermənicə ad yoxdur. Tarix boyu Xocalı, Xankəndi, Şuşa və Qarabağın digər ərazilərində azərbaycanlılar yaşayıb. Bu gün Azərbaycan dünyada qəbul olunan demokratik dövlətdir. Bu dövlətin siyasətçilərinin, tarixçilərinin də yazdıqlarının dünyada qəbul olunması 44 günlük Vətən müharibəsinin simasında buna sübutdur. Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi ilə tarixi missiyasını uğurla başa çatdırdı. Əminəm ki, Azərbaycan həqiqətləri yer üzündən erməni yalanlarını siləcək".