Dövlət İmtahan Mərkəzində (DİM) psixologiya elmləri üzrə fəlsəfə doktoru Zülfiyyə Veysovanın "Tapşırıq halqaları modeli: metodologiya və tətbiq imkanları" kitabının təqdimat mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Dövlət İmtahan Mərkəzi, Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Təhsil İnstitutu, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbər şəxsləri, millət vəkilləri, ali təhsil müəssisələrinin professor-müəllim heyəti, ümumtəhsil müəssisələrinin direktorları, elm və təhsil işçiləri iştirak ediblər.
Təqdimatdan öncə qonaqlar Dövlət İmtahan Mərkəzinin elmi-metodiki nəşrləri və xidmətləri ilə bağlı sərgiyə baxış keçiriblər.
Tədbiri giriş sözü ilə açan DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə müəllif haqqında - onun müasir təlim və tədris prosesində yeniliklərin təşəbbüsçüsü kimi təhsil sahəsində xidmətləri barədə müsbət fikirlərini söyləyib. Sədr onun beynəlxalq standartlara uyğun müasir təhsil sisteminin qurulmasında rolu, peşəkar, faydalı bilik və bacarıqlara yiyələnən, rəqabətə davamlı insan resurslarının yetişdirilməsinə verdiyi töhfəsindən danışıb.
Z.Veysova təqdim etdiyi kitabın yazılma tarixi, məqsədləri, uzunmüddətli araşdırma və tədqiqatların aparılması əsasında yaradılmış müəllimlər üçün məqsədəuyğun, səmərəli və faydalı alətin hazırlanması haqqında geniş məlumat verib.
Tədbir kitab barədə müzakirələrlə davam edib.
FOTO: Məhəmməd Ağayev