Çox xoşbəxtəm ki, 32 il əvvəl dərs dediyim məktəbdə indi nəvələrim təhsil alacaq.
Bunu “Report”un Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında işğaldan azad edilmiş Şuşada uzun illərdən sonra tədrisin bərpasını dəyərləndirən şəhər sakini, pedaqoq Şəkirə Səlimova deyib.
O qeyd edib ki, Şuşa sakinləri məcburi köçkünlük dövründə də təhsilə, pedaqoji fəaliyyətə ara verməyiblər:
“32 il əvvəl mən bu yeni binanın yerində olan köhnə məktəbdə riyaziyyat müəllimi işləmişəm. Erməni işğalı nəticəsində məcbur olub müxtəlif ərazilərdə məskunlaşsaq da, pedaqoji fəaliyyətimizi davam etdirdik. Mən geridə qalan illər ərzində Sumqayıtda dərs dedim”.
Ş.Səlimova vaxtilə fəaliyyət göstərdiyi Şuşa məktəbində bu gün nəvələrinin dərsə başlamasından xoşbəxt olduğunu vurğulayıb:
“İndi çox şükür ki, bu gün Şuşadayam. Bunun üçün şəhidlərimizin ruhu qarşısında baş əyir, Ali Baş Komandana təşəkkür edirəm. Belə bir xoş günü yaşamaq çox xoşdur. 32 il əvvəl işlədiyim məktəbdə indi nəvələrim təhsil alacaq. Buna görə çox xoşbəxtəm”.