Şuşada “İslam dünyasında qadın: ənənə və müasir çağırışlar” mövzusunda panel iclas keçirilib

Şuşada “İslam dünyasında qadın: ənənə və müasir çağırışlar” mövzusunda panel iclas keçirilib Şuşada “İslam dünyasında qadın: ənənə və müasir çağırışlar” mövzusunda panel iclas keçirilib.
Daxili siyasət
18 İyul , 2024 12:31
Şuşada “İslam dünyasında qadın: ənənə və müasir çağırışlar” mövzusunda panel iclas keçirilib

Şuşada “İslam dünyasında qadın: ənənə və müasir çağırışlar” mövzusunda panel iclas keçirilib.

"Report"un Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə aparılan paneldə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Nərgiz Qaracayeva, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, VI çağırış Milli Məclisin deputatı Ceyhun Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin İctimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər Cavadlı, "Əhməd Ağaoğlu" Milli Araşdırmalar İctimai Birliyinin sədri Nigar Axundova iştirak ediblər.

Panel iştirakçıları "Qarabağın quruculuğunda və dayanıqlı inkişafında qadınların rolu", "Şuşanın tarixində qadınların rolu", "Qloballaşan dünyada ümumislam kontekstində qadın məsələsi", "İnsan və ətraf mühit münasibətlərinə islami baxış" və "Milli etnik kontekstdə qadın hüquqları və gender bərabərliyi" mövzularında çıxışlar edib, müzakirələr aparıblar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, islam coğrafiyasında qadınların təhsilalma hüququ ümumi dünya göstəricisindən aşağıdır. Onun sözlərinə görə, islam dünyasında müsəlman kişilər 6,9 il təhsil aldığı halda, müsəlman xanımlarda bu rəqəm 4.9 il təşkil edir: "Halbuki müsəlman kişilərinin yalnız 10 faizi, qadınların isə 6 faizi təhsilini davam etdirir".

Qarabağın quruculuğunda və dayanıqlı inkişafında qadınların rolu haqqında danışan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Nərgiz Qaracayeva isə qeyd edib ki, işğaldan azad edilmiş Ağalı kəndində hazırda qadınların sayı kişilərdən çoxdur.

VI çağırış Milli Məclisin deputatı Ceyhun Məmmədov isə vurğulayıb ki, hazırda islam dünyası üçün ən vacib məsələlər qadınların hüquqlarının təmin olunması və onların təhsili problemidir.

"Qadınların təhsildən yayındırılması heç bir halda dinin tələbi deyil. Əksinə, islam qadınların da, kişilərin də təhsil almasını xüsusi şəkildə dəstəkləyir", - deyə C.Məmmədov əlavə edib.

Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova isə "Şuşanın tarixində qadınların rolu" mövzusunda geniş təqdimatla çıxış edib. Rektor Qarabağ qadınlarının ictimai fəaliyyəti, xüsusilə Xurşidbanu Natəvanın qarabağlılar üçün gördüyü işlər, ictimai-siyasi fəaliyyəti haqqında tarixi faktları və fikirlərini bölüşüb.

"İnsan və ətraf mühit münasibətlərinə islamı baxış" mövzusunda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin İctimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər Cavadlı Azərbaycanın üzləşdiyi mina probleminə toxunub. O vurğulayıb ki, ermənilər Azərbaycanın əzəli-əbədi torpaqlarını minalayıblar və bu qeyri-insani addım təkcə islamda deyil, bütün dinlərdə tənqid edilən əməldir.

"Əhməd Ağaoğlu" Milli Araşdırmalar İctimai Birliyinin sədri Nigar Axundova isə Türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun nümunəvi həyatı və ictimai-siyasi fəaliyyəti haqqında konfrans iştirakçılarını məlumatlandırıb.

Çıxışlardan sonra panel müzakirələrlə davam edib.

Son xəbərlər

Orphus sistemi